Dünya 22:10 29.03.2024

"Avropa İttifaqı İrəvanın yolunu gözləmir" - Ekspert

"Ermənistanın qısa zamanda Avropa İttifaqına üzv olması real deyil. Ona görə də gündəmə gətirilən bu mövzu sadəcə olaraq, daxilə hesablanmış addımdır və İrəvanın Rusiyadan uzaqlaşmasını sürətləndirmək məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Ekspert bildirib ki, Ermənistanın Aİ-yə qoşulması ətrafında söz-söhbətlər ölkə daxilində daha çox müzakirə olunur, nəinki kənarda:

"Bu da həmin açıqlamanın daxili auditoriya üçün nəzərdə tutulduğunu düşünməyə əsas verir. Çünki həm Ermənistanda, həm də regiondakı siyasətçilər İrəvanın Aİ-yə qəbulu məsələsinə real baxmırlar. Aİ-nin son 10 ildə üzv olmaq istəyən ölkələrə hansı problemlər yaratdığının dəfələrlə şahidi olmuşuq. Bu mənada Ermənistanın da yaxın gələcəkdə Aİ-yə üzv olması real deyil. Məsələ ondadır ki, Aİ və ABŞ Ermənistanı Rusiyadan qoparıb özlərinə yaxınlaşdırmağa çalışır. Bu fonda da İrəvana həm təzyiq, həm də şirnikləndirici jestlər edirlər. Aİ-yə üzvlük məsələsi də bu sayaq şirnikləndirici addımlardandır".

Həmsöhbətimiz deyir ki, aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında baş tutacaq görüşdən sonra sözügedən istiqamətdə müəyyən aydınlaşmalar olacaq: 
 


"Məhz həmin görüşdən sonra Paşinyan iqtidarının bu məsələ ətrafındakı fikirləri müəyyən qədər aydınlaşacaq. Bu məsələdə yaradılan ajiotaj İrəvanın quruma qəbulu üçün deyil, sadəcə olaraq müəyyən məqsədlər üçün nəzərdə tutulub. Bununla bir tərəfdən Rusiyaya İrəvanı quruma qəbul edə biləcəkləri mesajını verirlər. Həmin açıqlama həmçinin, Qərbin İrəvan qarşısında verdiyi vədlərinin nə dərəcədə həyata keçib-keçməməsilə əlaqədardır".

Ekspert qeyd edir ki, Ermənistanın hazırkı durumu Avropa standartlarına uyğun deyil:

"Hətta onun bu məsələdə mövqeyi digər üzv olmaq istəyən ölkələrlə müqayisədə çox-çox aşağıdır. Prosesin həyata keçməsi üçün Ermənistana on illərlə zaman lazım olacaq. Əsas məqsəd bu kimi vədlərlə İrəvanın Rusiyadan uzaqlaşmasını sürətləndirmək, onu KTMT və Aİİ-dən çıxmağa təhrik etməkdir. İndiki halda İrəvanın Aİ-yə üzv olması nonsesdir".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Vətəndaş Sazişi"nin deputatları ilə keçirdiyi iclasda ölkəsinin payızdan gec olmayaraq Aİ-yə üzv olmaq üçün ərizə təqdim etməyə hazırlaşdığını deyib. Baş nazir açıq şəkildə deyib ki, Qərb İrəvandan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar istəyir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları onun Aİ üzvlüyünə namizəd olmasını tələb edir. 

Rüfət Sultan