Dünya 10:11 13.05.2023

Avropa Məhkəməsi Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi ilə bağlı iddianı rədd etdi

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin vəkillərinin xarici klinikalardan birində müalicə almaq üçün cəzasının çəkilməsinin təxirə salınması tələbi ilə bağlı iddiasını təmin etməyib. 
 
Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze məlumat verib.

Breqadzenin sözlərinə görə, bu gün Strasburq məhkəməsinin qərarı dərc olunub, ona əsasən Saakaşvilinin müalicə üçün Varşavaya köçürülməsi rədd edilib. O əlavə edib ki, bu qərar heç bir halda Gürcüstan dövlətini Saakaşvilini ölkə daxilində hər hansı digər tibb müəssisəsinə köçürməyə məcbur etmir.

Saakaşvilinin mülki klinikadan yenidən həbsxanaya köçürülməsindən danışan nazir bunun həkimlərin icazə verəcəyi təqdirdə həyata keçiriləcəyini bildirib. İndi o xatırladıb ki, Saakaşvili Vivamed klinikasındadır və indiki mərhələdə onun nə başqa klinikaya, nə də penitensiar müəssisəyə köçürülməsi üçün heç bir obyektiv ilkin şərt yoxdur.

Öz növbəsində eks-prezidentin yaxınları, vəkilləri və müxalifət nümayəndələri əmin edirlər ki, Saakaşvilinin vəziyyəti ağırdır və o, müalicə üçün xaricə göndərilməlidir.

Alpər