Dünya 15:53 06.09.2022

Avropanın beşinci hökuməti dağılmaq ərəfəsindədir

Slovakiya hökuməti "Azadlıq və Həmrəylik” partiyasının hakim koalisiyadan çıxmasından sonra parlament çoxluğunu itirib. 

Qaynarinfo xəbər verir ki, slovakiyanın "Barikada” nəşrinin məlumatına görə, xarici işlər naziri İvanko Kok, ədliyyə naziri Mariya Kolikova və təhsil naziri Branislav Qrelinq istefalarını təqdim ediblər.

İndi hökumət 150 yerlik parlamentdə cəmi 70 yerə sahibdir. Bu, potensial olaraq, yaxın həftələr və aylarda etimadsızlıq səsverməsi ehtimalını açır və bu, demək olar ki, qaçılmaz olaraq erkən seçkilərə gətirib çıxaracaq.

İyulun 6-da SaS ("Azadlıq və Həmrəylik”) partiyası daha üç tərəfdaşla - OĽaNO ("Adi insanlar və müstəqil şəxslər”), Sme Rodina ("Biz bir ailəyik”) və Za ľudí ("İnsanlar naminə”) ilə koalisiya sazişini dayandırdığını elan edib. Xüsusilə SaS lideri Riçard Sulik Slovakiya Maliyyə Nazirliyinə rəhbərlik edən OĽaNO rəhbəri İqor Matoviçlə iki illik münaqişə yaşayır. 2021-ci ilin martı dönüş nöqtəsi olub. Reytinqlərin düşməsi və peyvənd kampaniyasının zəif başlaması fonunda o zaman baş nazir vəzifəsini icra edən Matoviç Rusiyadan 2 milyon doza "Sputnik V” vaksini almağa qərar verib. Bu, koalisiya daxilində etirazlara səbəb olub və az qala növbədənkənar seçkilərə səbəb olacaqdı. Bu gün ölkədə enerji daşıyıcılarının qiymətinin və inflyasiyanın kəskin artması ilə bağlı siyasətçilər müxtəlif fikirlər səsləndirirlər.

Riçard Sulik bildirib ki, problemin yalnız iki həlli var: ya böhrana səbəb olan Matoviç gedir, ya da SaS partiyası. Bunun nəticəsi olaraq, müxalifət hakimiyyəti ələ keçirə bilər, onların arasında Ukraynaya silah verilməsinə qarşı çıxanlar və Vladimir Putinə rəğbət bəsləyənlər də var.

Son bir ay ərzində Avropada artıq dörd baş nazir istefa verdiklərini bəyan edib: İtaliyada Mario Draqi, Böyük Britaniyada Boris Conson, Bolqarıstanda Kiril Petkov və Estoniyada Kaya Kallas.

Nizami Bağırov