Dünya 11:26 17.04.2022

"Axmaqlar, sülh bağlayın!" - Rusiya-Ukrayna müharibənin ikinci mərhələsi necə olacaq?

Tomas Fridman 
Amerikalı siyasət yazarı, təhlilçi, "The New York Times"ın köşə yazarı, 3 qat "Pulitser" mükafatı laureatı

Vladimir Putin qeyri-qanuni müharibəyə haqq qazandırmaq üçün B planına keçid edir: heç olmasa Ukraynanın şərqinin kiçik bir hissəsini ələ keçirmək məqsədilə böyük hərbi əməliyyata hazırlaşır. Hələ bu zaman ağlıma belə bir sual gəldi: indi ona kim daha yaxşı məsləhət verə bilər? Ağlıma ilk gələn ad - Amerikanın böyük strategiya üzrə aparıcı müəllimlərindən biri olan Con Arkilla oldu. O, bu yaxınlarda ABŞ Hərbi Dəniz Qüvvələri Aspiranturasından müdafiə təhlili üzrə əməkdar professor kimi təqaüdə çıxıb. Arkillaya zəng edib bu gün Putinə nə deyəcəyini soruşduqda, o, tərəddüd etmədən cavab verdi: "Mən deyərdim: "Axmaqlar, sülh bağlayın”.

Bu, quyunun ilk qaydası kimi də tanınır: quyuya düşdünsə, qazma. Arkilla bu ifadəni "göydən” götürməyib. 6 iyun 1944-cü ildə "D” günündə  Normandiya sahillərinə desant enişindən sonra məlum olur ki, almanlar müttəfiqlərin hücumunu dəf edə bilməyəcəklər. Buna görə də, iyulun 1-də Kan şəhəri yaxınlığında almanların uğursuz əks-hücumundan sonra həmin cəbhənin alman baş komandanı feldmarşal Gerd fon Rundştedt Berlinə zəng edərək məğlubiyyəti barədə Ordu Baş Qərargah rəisi Vilhelm Keytelə məlumat verir. Ondan soruşurlar: "Bəs nə edək?" - fon Rundştedt məşhur ifadə ilə cavab verir: "Sülh bağlayın, axmaqlar! Başqa nə etmək olar?

Ertəsi gün fon Rundştedt vəzifəsindən kənarlaşdırılır. Putin də məhz belə addım atdı - müharibənin ikinci fazasına rəhbərlik edilməsi üçün  Suriyada müxalifət hərəkatını vəhşiliklə əzməyi ilə tanınan yeni yüksək rütbəli general təyin etdi. Kadr dəyişikliyi almanların işinə yaramadı və heç bir proqnoz vermədən Arkilla izah etdi ki, nə üçün Putin ordusu da bu yeni mərhələdə az sayda və silah təchizatı zəif olan ukraynalıların çox sərt müqaviməti ilə üzləşə bilər.
 
Onun fikrincə, Ukrayna-Rusiya müharibəsində yeni mərhələ başlayır: "Bir çox cəhətdən bu müharibə bizim dövrümüzün İspaniyadakı vətəndaş müharibəsini xatırladır. Həmin müharibədə "Stuka” bombardmançı-təyyarələri, "Panzer” tankları kimi bir çox silah növləri almanlar tərəfindən sınaqdan keçirildi və müttəfiqlər də İkinci Dünya müharibəsi öncəsi nəsə öyrəndilər. Söhbət yeni nəsil müharibədən gedirsə, eyni şey Ukraynada da edilir”.
 

Arkilla bu yaxınlarda yeni nəsil müharibə haqqında bir kitab dərc edib, "Bitskriq: Kibermüharibənin yeni çağırışı".

"Bu kitabda mən üç yeni müharibə qaydasını qeyd etmişəm və gördüyüm kimi, onların hamısını ukraynalılar tətbiq edirlər", - Arkilla deyir. Birincisi, çox sayda kiçik böyük və ağıra qalib gəlir. Ukraynalılar "ağıllı” silahlarla silahlanmış taqım səviyyəli bölmələrlə fəaliyyət göstərirlər və onlar daha böyük birləşmələri məhv etməyi, yavaş hərəkət edən yüksək səsli helikopterlərə hücum etməyi və s. hərəkətləri bacarırlar. Beləliklə, rusların sayı onlardan çox olsa da, ukraynalıların, hər birində adətən 8-10 əsgərdən ibarət aktiv döyüş bölmələri daha çoxdur.  

Arkilla qeyd edir ki, kamikadze dronları, zenit və yüngül tank əleyhinə silahlar kimi dəqiq idarə olunan ağıllı silahlarla silahlanmış bu kiçik Ukrayna bölmələri "daha böyük və ağır silahlanmış Rusiya tank hissələrini sıradan çıxara bilər". 

Onun sözlərinə görə, Ukraynada qüvvədə olan müasir müharibənin ikinci qaydası "düşmənin aşkarlanması həmişə cinahdan keçməkdən daha vacibdir. Düşməni birinci aşkarlayan onu da məhv edə biləcək. Xüsusən də düşmən 40 mil uzunluğunda tank və zirehli texnika kolonu kimi (mart ayında Kiyev ətrafında yığılmış Rusiyaya məxsus hərbi texnika kolonunu nəzərdə tutur-red.) bir neçə böyük bölmədən ibarətdirsə, siz onlara bərabər qüvvələr tətbiq etmədən, onları cinahdan keçmədən öz kiçik dəstələrinizlə cəhənnəmə göndərəcəksiniz.
 
"Ukraynalılar kiçik dronlardan, xüsusən də türk pilotsuz aparatlardan məharətlə istifadə edirlər, bu, PUA-lar sadəcə əladırlar", - Akilla deyir.
 

Amma reallıqda rusları məhv edən "insan sensorları”dır - Ukraynanın qeyri-rəsmi müşahidə korpusudur. Bəli, "İPhone”u olan nənələr peyklərdən üstündür. "Ukrayna müşahidə korpusu nənələrdən, uşaqlardan və smartfonu olan hər kəsdən ibarətdir", deyə o, qeyd edir. "Rus bölmələrinin yerləşdiyi və hərəkət etdiyi yerlər barədə zəng edib xəbər verirlər. Beləliklə, bu böyük ölkədə rusları aşkar etməkdə Ukrayna qüvvələrinin böyük üstünlüyü var və bu, onların ağıllı silahlara malik kiçik bölmələrinə lazımi əməliyyat məlumatlarını verir.

Arkillanın sözlərinə görə, Ukraynada fəaliyyət göstərən yeni əsr müharibəsinin üçüncü qaydası budur ki, "möhkəmlənmək həmişə say artırmaqdan yaxşıdır”. O, izah edir ki, "müharibə artıq sadəcə rəqəmlər oyunu deyil. Çox sayda kiçik ağıllı silahlarla silahlanmış rəqibinizi məğlub etmək üçün böyük saylara ehtiyacınız yoxdur. Əminəm ki, siz rus tanklarının və kolonlarının bir neçə videosunu görmüsünüz, burada qabaqdan və arxadan bir tank məhv edilir ki, ruslar manevr edə bilməsinlər, sonra isə sadəcə onları biçirlər”.

Ruslar axmaq deyillər və müharibənin növbəti mərhələsi olduğuna görə, onlar əlbəttə ki, bu mərhələyə uyğunlaşacaqlar, elə deyilmi?

Arkilla iddia edir ki, ruslar ağır bombardmanlardan istifadə etməyə davam edəcəklər, "onlar Ukraynanın şərqində, qərb ərazisində olduğu kimi səbrli olmayacaqlar. Lakin dağıntılar işğalı çətinləşdirir. Stalinqradı xatırlayın. Nasistlər II Dünya müharibəsi zamanı Stalinqradı daş dövrü mərhələsinə qədər bombaladılar, lakin sonra kiçik hissələrlə dağıntılar altından keçməyə cəhd etməli oldular və buna nail ola bilmədilər.

Ona görə də rusların öz taktikasında düzəliş etməyini gözləyin. "Ruslar öyrənmək və uyğunlaşmaq qabiliyyətini nümayiş etdiriblər", - Akilla deyir. - "Finlərə qarşı birinci qış müharibəsində - 1939-cu ildən 1940-cı ilə qədər ruslar Finlandiyaya ilk dəfə hücum edəndə də eyni şey olmuşdu. Finlər kiçik qrup taktikasından istifadə edərək rusları məğlub etdilər. Ruslar geri çəkilməli oldular, lakin onlar yenidən təşkilatlandılar, daha ağıllı tərpəndilər və sonda düşməni məğlub etdilər. Mənim anladığım odur ki, artıq ruslar, daha çox kiçik qruplarda fəaliyyət göstərməyə öyrəşmiş dəniz piyada bölmələrini aktivləşdiriblər”. Beləliklə, növbəti  mərhələdə rusların daha ağır piyada və daha yüngül tanklardan istifadə edəcəklərini gözləyin.
 

Tomas Fridman 

Eyni zamanda, o əlavə edib ki, ukraynalılar "hələ də "aşkarlama” baxımından üstünlüyə malik olmalıdırlar və onlar artıq kiçik qruplarla döyüşməyə öyrəşiblər. Ruslarda daha çox mərkəzləşmə prinsipinə üstnülük verilir. Bu qədər generalın ölməsinin səbəblərindən biri də odur ki, taktiki səviyyədə onlarda döyüşdə tez qərar vermək səlahiyyətinə malik insanlar yoxdur, bunu yalnız generallar edə bilər, ona görə də onlar cəbhə bölgəsinə gedib, ABŞ ordusunda adətən leytenantlar və çavuşların etdiklərini etməli olurlar.  

Ukraynadakı münaqişənin ən maraqlı tərəflərindən biri Rusiyanın açıq-aşkar kibermüharibədən imtina etməsidir. "Ruslar Ukrayna komanda-idarəetmə və nəzarətin pozulması məqsədilə kiberhücum vasitələrindən istifadə ediblər, lakin Ukraynanın nizami və özünü müdafiə qüvvələri ruslardakı kimi mərkəzləşmədiyindən bunun təsiri çox az olub", deyə Arkilla izah edir.

Eyni zamanda, ruslar Ukraynaya kömək edən ABŞ və digər NATO ölkələrindəki infrastruktura böyük kiberhücumlar həyata keçirmək istəmirlər, çünki bunun NATO-ya Rusiyanın ən qabaqcıl kiber alətləri haqqında məlumat əldə edilməsinə və onlara qarşı müdafiə qurmasına imkan verəcəyindən ehtiyatlanırlar. Rusiya, Qərblə böyük müharibə üçün kibersilahlarını saxlamalıdır. Beləliklə, Arkilla qeyd etdi ki, "bəlkə də söhbət strateji kibermüharibədən gedirsə, bütün tərəflərin qarşılıqlı surətdə məhv edilmə ehtimalı əslində bir növ kiber çəkindirməyə səbəb ola bilər".

Rusiyanın təriflənmiş hava üstünlüyünə gəlincə, "biz artıq onların təyyarələrinin və helikopterlərinin Stinqerlər qarşısında nə qədər həssas olduğunu görmüşük. Bu hal müharibənin növbəti mərhələsində dəyişməyəcək”, - deyə Arkilla bildirib.

"Ümumiyyətlə, mən demirəm ki, ruslar Ukraynanın şərqindən çıxarılacaqlar. Mən sadəcə "ukraynalılar hansı səbəbdən bu qədər uğur qazana biliblər?” sualına cavab verməyə çalışıram. Çünki onlar müasir müharibənin bütün bu yeni qaydalarını tətbiq edirər”, deyə Con Akilla qeyd edir. 
 
Şübhəsiz ki, ukraynalılar bunu davam etdirəcəklər və heç bir tərəfin dağıdıcı zərbə vura bilməyəcəyindən bu müharibə daha uzun, dəhşətli, qarşılıqlı dağıdıcı bir müharibəyə çevriləcək. Və bundan sonra kim bilir nə olacaq. 
 

Hesab edirəm ki, Putin simasını xilas edəcək bir razılaşma əldə edəcək: qoşunlarının çıxarılması, rusiyayönlü şərq bölgələri olan Donetsk və Luqansk vilayətləri üçün bir növ müstəqil status və Ukraynanın NATO üzvlüyündən imtinası, lakin Ukraynanın Avropa İttifaqına daxil olmasına "yaşıl işıq” və Rusiyanın yeni işğalına qarşı təhlükəsizlik zəmanəti şərtləri ilə...

Yəqin ki, bu tezliklə bu baş verəcək.

"Döyüşlər nə qədər uzun davam edərsə, mənimsədikləri döyüş təcrübəsinə görə Ukrayna müqaviməti nə qədər sərt olarsa, eskalasiya riski bir o qədər artır”, deyə Arkilla bildirib. - "Ancaq Putin Rusiya vətəndaş cəmiyyətini susmağa və razılaşmağa məcbur edib. Zəif döyüş qabiliyyətindən utanan rus hərbçiləri çətin ki, ona xəyanət etsinlər. Ona görə də o, yəqin ki, deeskalasiya üçün kifayət qədər vaxtının olduğunu düşünür”.

Beləliklə, xanımlar və cənablar, kiçik müharibələr böyük müharibələrə çevrilir.

"Bu yaxınlarda mən Barbara Taçmanın böyük güclərin Birinci dünya müharibəsində necə büdrədiyi haqqında "Avqust silahları” kitabını yenidən oxudum”, Arkilla deyir. "Bu, hələ də aktual olan xəbərdarlıq hekayəsidir." 
 

Tərcümə: Nizami Bağırov
Qaynarinfo