Foto 18:19 07.02.2024

AZAL-ın xaricdə olan əməkdaşları seçkilərdə iştirak edirlər

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xaricdə işləyən və ya müvəqqəti yerləşən əməkdaşları da növbədənkənar prezident seçkilərində iştirak edirlər.

Qaynarinfo bu barədə AZAL-a istinadən xəbər verir.

"Aviaşirkətin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. Uzun uçuşdan sonra Pekin, London, Paris və dünyanın digər şəhərlərində istirahət edən uçuş heyəti də seçki prosesində iştirak edir. Harada olmasından asılı olmayaraq seçkilərdə iştirak AZAL əməkdaşlarının vətəndaşlıq borcunun ifadəsidir", - deyə məlumatda qeyd olunub.

Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır.