Ölkə 23:55 30.01.2023

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Laçın yolunda hər hansı blokadanın olmadığını bəyan etdi

Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhlizlə hərəkət məhdudlaşdırılmır.

APA-nın xəbərinə görə, bunu bazar ertəsi Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O vurğulayıb ki, Azərbaycan azərbaycanlıların Laçın dəhlizində dinc etiraz aksiyalarının blokada olması ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir. "Təəssüf ki, Ermənistan Laçın dəhlizində keçirilən dinc aksiyadan iki ölkə arasında sülh danışıqlarına təzyiq göstərmək üçün istifadə edir”, - deyə Məmmədov bildirib.

Diplomat qeyd edib ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhliz boyu hərəkət rejimi etirazlardan əvvəl olduğu kimi qalıb. Aksiya iştirakçılarının özləri bildiriblər ki, onlar nəqliyyatın hərəkətini dayandırmaq niyyətində deyillər və hər gün dəhlizdən yüzlərlə, hətta minlərlə minik və yük maşınları keçir.

Qeyd edək ki, BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) bu gün Ermənistanın Azərbaycana qarşı işi üzrə ictimai dinləmələr keçirib. Sabah isə Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçiriləcək.

İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.

Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun (Joan E. Donoghue) hakimlik edəcək.

Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.