İdman 10:03 31.01.2023

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında bu gün 20-ci turun daha 2 oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, turun ikinci oyun günündə əvvəlcə "Qarabağ" "Azərsun Arena"da "Şamaxı"nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 72 dəfə üz-üzə gəlib. Bunların 35-i Ağdam təmsilçisinin, 13-ü isə bölgə klubunun xeyrinə başa çatıb. 24 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 103:43. "Qarabağ" 17 oyundur uduzmur. "Şamaxı” 5 matçdır qol vurmur. Son üç qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb.

Daha bir qarşılaşma isə Bayılda "ASCO Arena"da baş tutacaq. "Kəpəz" səfərdə "Səbail"in qonağı olacaq.

İki kollektiv bunadək Premyer Liqada 6 dəfə qarşılaşıb. 3 oyunda "dənizçilər", 2 matçda "sarı-göylər" qələbə qazanıb. Bir qarşılaşma heç-heçə ilə yekunlaşıb. "Səbail"in 10 qoluna "Kəpəz" 9 topla cavab verib. Son iki oyunda böyük hesab qeydə alınıb. "Kəpəz” son 5 matçda, "Səbail” isə bütün ev görüşlərində qol vurub.

Azərbaycan Premyer Liqası, 20-ci tur

31 yanvar (çərşənbə axşamı)

16:00. "Qarabağ” – "Şamaxı”

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Azersun Arena".

18:30. "Səbail” – "Kəpəz”
 
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASCO Arena”.

Turun ötən gün baş tutan matçında aşağıdakı nəticə qeydə alınıb

"Sumqayıt" - "Turan Tovuz" 2:1

"Qarabağ" - 53, "Sabah" - 46, "Neftçi" - 38, "Zirə" - 31, "Qəbələ" - 26, "Turan Tovuz" - 17, "Şamaxı" - 16, "Sumqayıt" - 15, "Kəpəz" - 13, "Səbail" - 10

Səbuhi Həsənov