Ölkə 14:20 12.10.2023

"Azərbaycanda ailə modeli çox bərbad vəziyyətdədir" - Sosioloq

"Azərbaycanda hazırda ailə modeli çox bərbad vəziyyətdədir. Bu sahədə məqsədyönlü, ciddi-elmi fəaliyyət yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu yanvar-avqust ayı ərzində əhalinin sayının azalması səbəblərini izah edərkən deyib. 

Əhməd Qəşəmoğlu bu proseslərin başlı-başına qaldığını vurğulayıb:
 
"Problemin həlli yolları olmalıdır, bu, ölkənin gələcəyi üçün əhəmiyyətilidir. Problemə elmi əsaslarla müdaxilə etmək, araşdırmalar aparmaq lazımdır, onun əsasında fəaliyyət proqramları hazırlanmalıdır. Həmin fəaliyyət proqramlarını həyata keçirmək lazımdır, amma bunların hamısı başlı-başına qalıb".

Əhməd Qəşəmoğlu bu istiqamətdə 20 ildir fikirlər səsləndirdiyini qeyd edib: 

"Bar-bar bağırıram, günü-gündən mürəkkəbləşən, həssaslasan cəmiyyətdə prosesləri başlı-başına qoymaq olmaz. Bu, təkcə mənim deyil, dünyanın bütün məşhur sosioloqlarının da fikiridir”. 

Qeyd edək ki, 2023-cü ildə yanvar-avqust ayı ərzində 75 623 uşaq doğulub. Keçən illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 12,3-dən 11,2-yə düşüb. Doğulan körpələrdən 53,3 faizi oğlan, 46,7 faizi qız olub. Onlardan 2288-i əkiz, 99-u üçəm, dördü isə dördəm olub.

Bahar Rüstəmli