Ekonomiks 14:30 06.11.2023

Azərbaycanda aviabiletlər nə vaxt ucuzlaşacaq? (ŞƏRH)

"AZAL o vaxt qiymətləri endirəcək ki, təyyarədə oturmağa adam tapa bilməyəcək. Boş təyyarə gedib-gələcək, rəqibləri onun müştərilərini oğurlayacaq və s. Onda AZAL məcbur olub yeni qiymətlər müəyyən edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Ekspert bildirib ki, 3 ildən çoxdur ki, quru sərhədləri bağlıdır, insanlar məcbur olub AZAL-ın xidmətindən istifadə edir:

"AZAL-dan qiyməti aşağı salmasını gözləmək lazım deyil. Məsələn, metropoliten gediş haqqını 40 qəpik müəyyən edib, lakin bildirir ki, maya dəyərim 68 qəpikdir.
 
İkisi də nəqliyyat vasitəsidir. ZAL isə biletləri baha qiymətə satır və yenə də ziyan etdiyini deyir. Sual da yaranır - bileti istədiyin qiymətə satırsan, amma niyə ziyan edirsən? Onlar istədikləri qiyməti təyin ediblər. Lakin son iki ilin statistikasını nəzərdən keçirtsək, mənfəət əldə etdiklərini görərik. 
 
Dövlət metronu isə sosial layihə hesab edir. Əhalinin çoxu metrodan istifadə edir, başqa ölkələrə uçuşdan daha az insan faydalanır. Ona görə də dövlət metroya subsidiya verilməsini məqsədəuyğun hesab edir. Təyyarədə uçuşları isə hökumət sosial layihə hesab eləmir, qiymətləri buraxıb AZAL-ın ixtiyarına və onlar da biletləri baha satır”.
 
 

"AZAL hansı şərtlərlə qiymətləri endirə bilər” sualına cavabda Xalid Kərimli qeyd edib ki, burada vətəndaşı maraqlandıran seçim imkanlarının olmamasıdır: 

Mənim üçün AZAL, yaxud bir başqa şirkətdən bilet almağın önəmi yoxdur. Məsələ ondadır ki, aeropotların və hava xətini eyni qurum-AZAL idarə edir. Bu sahədə inhisar hökm sürür. Digər tərəfdən, Azərbaycana turist az gəlir. Bakıya turist az gəlirsə, burada AZAL, Xarici İşlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə günahı var”. 

Xalid Kərimli hesab edir ki, Azərbaycanda qiymətlərin aşağı düşməməsinin səbəbi turist axının az olmasıdır:

"Hökümət bu problemi həll etsə, iqtisadiyyat inkişaf edər. Bunun üçün viza ləğv edilməlidir, sonra turizmlə məşğul olan ölkələrin praktikası tətbiq olunmalıdır. Biz turistin ayağına düşməliyik. Turist gəlmədiyindən hava şirkətləri də gəlmir”.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz əməkdaşları üçün yeni forma təqdim edib. Yeni  forma, müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul edilməsini təmin edən uğurlu müştəri yolunun bir tərkib hissəsidir. Yeni forma uçuş heyəti, "VIP Lounge” və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub. Kolleksiyada  brendin identik şəklində qəbul edilməsini təmin edən donlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır. 

Bahar Rüstəmli