Siyasət 12:15 24.03.2023

Azərbaycanda daha bir neçə partiya fəaliyyətini dayandıracaq - ADLAR

Azərbaycanda kiçik partiyaların fəaliyyətini dayandırması prosesi davam edir. Azərbaycan Naminə Alyans, Birlik və Təkamül partiyalarından sonra Sosial Rifah Partiyası da fəaliyyətini dayandırıb. 

Sosial Rifah Partiyası 1995-ci ildə qeydiyyata alınıb. Partiyanın qurucusu keçmiş deputat Xanhüseyn Kazımlıdır. O, 1995-ci ildən 2020-ci ilədək partiyanın sədri olub. 2020-ci ildən partiyaya sədrliyi qızı Əsli Kazımova həyata keçirirdi. 

Qaynarinfo xəbər verir ki, proses dörd partiya ilə yekunlaşmayacaq. Qarşıdakı aylarda daha bir neçə partiya fəaliyyətini dayandıracaq. Bu sırada Azad Demokratlar Partiyasının, Azərbaycan Sosial Demokrat Partiyasının, Azadlıq Partiyasının, Azad Respublikaçılar Partiyasının, Vətəndaş Birliyi Partiyasının və Cümhuriyyət Xalq Partiyasının adı çəkilir.

Bu partiyaların heç biri "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab vermir. Xüsusilə, qanunda qeydiyyat üçün 5000 üzvün tələb edilməsi adıçəkilən partiyalar üçün ciddi problemə çevrilib. Hakimiyyət partiyalara iyul ayına qədər vaxt versə də, onların əhəmiyyətli hissəsini bu müddət ərzində 5000 üzv toplaya biləcəkləri inandırıcı görünmür. 

Hazırda Azərbaycanda 50-dən çox qeydiyyatdan keçmiş partiya mövcuddur. Bildirilir ki, partiyaların yenidən qeydiyyat mərhələsinə kimi onları sayı yarıbayarı azala bilər. Bu fəaliyyəti dayandırmaqla və yaxud başqa bir partiyaya birləşməklə baş verəcək. 

İddia olunur ki, siyasi mühitdə ələnmə mərhələsi proporsional seçki sisteminin bərpasına hesablanıb. Artıq bu məsələ ciddi şəkildə müzakirə olunmaqdadır. Bildirilir ki, hakimiyyət yeni siyasi mühit formalaşdırmaq üçün proporsional seçki sisteminin bərpasını məqsədəuyğun hesab edir. Bu halda seçki yarışına müəyyən qədər üzvləri olan, siyasi proseslərdə fəallıq göstərən partiyaların qatılması gərəkdir. 

Müşahidələr göstərir ki, proses o qədər də səssiz keçmir. Birləşmək, yaxud rəhbərlik etdiyi partiyanın fəaliyyətini dayandırmaq istəməyənlər də var. Lakin istənilən halda yeni qanunun tələblərinə cavab verməyən partiyalar qeydiyyata alınmayacaq. Bu isə həmin partiyaların faktiki olaraq sıradan çıxması deməkdir. 

Seyid