Ekonomiks 18:34 25.10.2023

Azərbaycanda niyə rəsmi milyonçu yoxdur?

Hər il dünyada rəsmi milyonçuların sayı açıqlanır. Həmin siyahılarda əslən azərbaycnalı olanların da adına rast gəlmək olar. Lakin ölkəmizdə bu gün rəsmi milyonçu kimi qeydiyyatdan keçənlər yoxdur. 

Azərbaycanda niyə rəsmi milyonçu yoxdur? 

Valyuta.az məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib. 

Natiq Cəfərli deyib ki, Azərbaycanda uzun müddətdir ki, rəsmi milyonçu yoxdur. Çünki bizdə gəlir deklarasiyası anlayışı mövcud deyil:

"Bir çox ölkələrdə illik gəlir deklarasiyası anlayışı var. Hətta başqa ölkələri deyil, bizə qonşu olan Rusiyada gəlir deklarasiyası mövcuddur. Hər bir şəxs illik gəlir və xərclərlə bağlı, vergilərin miqdarı ilə bağlı gəlir deklarasiyası verir. Bu zaman da bəlli olur ki, ölkədə varlı insanların sayı nə qədərdir, ən çox vergi ödəyicisi kimdir. Hətta Türkiyədə bunun üçün xüsusi mükafat var. Ən çox vergi ödəyən fiziki şəxslərə Türkiyə dövləti hədiyyə verir".
 


Natiq Cəfərli deyib ki, gəlir deklarasiyası anlayışı olmadığından vətəndaşların öz gəlir və çıxarlarını elan etməyə məcburiyyətləri də yoxdur:

"Ona görə də bundan istifadə edilir. Bəlkədə Cənubi Qafqazda ən çox qeyri-rəsmi milyonçular bizdədir, amma bizdə rəsmi milyonçu yoxdur. 
Bizdən kasıb olan Ermənistanda belə 70-ə yaxın milyonçu var. Çünki orda gəlir deklarasiyası anlayışı var”. 

"Hökumət bu sahədə qanunun qəbulundan əlavə, həm də təşviqedici işlər görə bilər" sualına cavab olaraq iqtisadçı bildirib ki, bizdə varlı insanların bir çoxu məmur sinfinə aiddir:

"Təbii ki, gəlir deklarasiyası onların marağında deyil. Çünki onların rəsmi gəlirləri o qədər də çox deyil. Rəsmi gəlirləri ilə real həyatları arasında kəskin fərq var. Əgər gəlir deklarasiyası olsa, suallar yaranacaq ki, hansısa bir məmur məsələn, 1500 manat maaş alır, yaşadığı evin, sürdüyü maşının yüz minlərlə qiyməti var. O bunu necə izah edəcək? Bu məsələlərə görə yəqin ki, məmur sinfinin də deklarasiya haqqında qanunun qəbul edilməməsi ilə bağlı bir lobbiçiliyi var. Gəlir deklarasiyası haqqında qanunun qəbulu vacibdir".