Ölkə 11:59 14.06.2023

Azərbaycanda süni mayalanmaya qadağa qoyulmalıdır? (RƏYLƏR)

Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz.

Deputat bildirib ki, Milli Məclisə uzun illər əvvəl təqdim olunan "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini milli mentalitetimizə uyğun olmadığını hesab edir. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Siyavuş Novruzov bildirib ki, əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur.

Qaynarinfo məsələni professor Adil Qeybulla və Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə ilə müzakirə edib.

Kəmalə Ağazadə süni mayalanmanın yanlış olduğunu düşünmür:
 


"Süni mayalanma elə də rahat bir prosedur deyil, ailədə əgər sonsuzluq prosesi varsa, uşaq dünyaya gətirmək alınmırsa, tərəflərdən birində problem varsa, süni mayalanma o ailənin tamamlanmasına gətirib çıxarır. Süni mayalanma nəticəsində bu gün ailələrə övladlar verilir”. 

Kəmalə Ağazadə bildirir ki, əgər buna qanunvericilik icazə verirsə, burada qeyri-adi bir şey yoxdur:

"Ola bilər, Siyavuş müəllim bu fikirləri səsləndirərkən milli komponentlərə diqqət çəkib. Ancaq süni mayalanmalar nəticəsində bu gün ailələrdə nə qədər xoşbəxt böyüyən uşaqlar var”. 

Birlik sədri qeyd edir ki, burada diqqət çəkilməli məsələlər tamamilə fərqlidir:

"Əsas məsələlərdən biri süni mayalanmanı həyata keçirən müəssisələrin hər zaman nəzarətdə saxlanılmasıdır. Nəzərə almaq lazımdır ki, bu gün dünyada, Azərbaycanda da qidaların keyfiyyətinin aşağı olması, ekologiya və s. problemlər sonsuzluğa səbəb olur. Ona görə düşünürəm ki, Siyavuş müəllim bu məsələni səsləndirəndə bunu da nəzərə alsa yaxşı olar”. 

Professor Adil Qeybulla isə qeyd ediri kii, ümumiyyətlə, repreduksiya, genefonda bağlı məsələlərin hər biri qanunla tənzimlənməlidir:
 


"Ölkədə bununla bağlı qanun qəbul olunmalı, bu qanun bütün nüansları, hüquqi, mənəvi, psixoloji və digər tərəflərini nəzərə almalıdır. Bu, həqiqətən ciddi məsələdir, ona görə hesab edirəm ki, artıq həllini tapmalıdır”. 

Adil Qeybulla bildirir ki, burada diqqət edilməli məsələ fərqlidir:

"Əgər ölkə daxilində buna icazə verilməsə, insanlar başqa variant tapacaq, xarici ölkələrə üz tutacaq. Övladı olmaq insanın arzusu, həm də hüququdur, bu məsələnin həlli üçün də hüquqi mexanizmlər yaradılmalıdır. Qeydiyyat sistemi düzgün aparılmalıdır, çünki bu genofonda bağlı məslələrdir, məsələn, xaricdə gedib süni mayalanma edirlər, bilinmir ki, doğulan uşaqlar hansı genefondu daşıyırlar. Ona görə də nəzarət altında olmalıdır”.

Günay İlqarqızı