Siyasət 13:58 12.01.2024

Azərbaycanın dünya birliyinə inteqrasiyası: İslam dünyası ilə əməkdaşlıq

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)  

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətdə bütün dünya ölkələrilə əlaqələrə geniş yer verib. Bu mənada hazırda ölkəmiz geniş aspektli xarici əlaqələrə malikdir. 

Azərbaycanın xarici siyasətində müsəlman ölkələrilə əməkdaşlıq sözsüz ki, mühüm yer tutur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq, 1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv qəbul olunub. Bunun özü ölkəmizin İslam dünyası ilə əlaqələrə xüsusi önəm verdiyinin göstəricisidir. 

Son illərdə ölkəmiz İƏT-in bir neçə konfransına ev sahibliyi edib. Məsələn, 2014-cü ildə "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirildi. Bunun müqabilində İƏT islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirdi. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunur. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilir. Ardınca IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam ənənələrinə sadiqliyi baxımından mühüm əhəmiyyət kəsb edib. Yarışlara 24 idman növü üzrə 54 dövlətin nümayəndələri qatılıb. 

Xocalı soyqırımının tanıdılması istiqamətində İƏT-in digər bir orqanı Parlament İttifaqı ilə əməkdaşlıq mühüm yer tutur. Belə ki, 2010-cu ildən başlayaraq bu qurum tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin təqdim etdiyi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair" və "1992-ci ilin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması" adlı qətnamələr qəbul olunub.

Bakıda həmçinin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin V konfransı baş tutub. Görüşdə Qlobal böhranların, bəşəriyyət qarşısında yeni sınaq və çətinliklərin durduğu, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsinin, İslam birliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb. 

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. 

Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycanın İslam dünyası ilə əlaqələri daim inkişaf edir:

"Azərbaycan ənənəvi İslam ölkəsidir. Bu mənada İslam dünyasının bir hissəsiyik. Sovet dövründə belə cəmiyyətimiz islami dəyərlərə bağlı olub. Müstəqilliyimizin əldə edilməsilə İslam dünyası ilə əlaqələrimiz genişlənməyə başladı. Bu əlaqələr indinin özündə də uğurla davam etdirilir. Bakı İƏT-in fəal üzvlərindən biridir. Ora üzv ölkələrlə ikitərəfli və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində  Azərbaycanın sıx əlaqələri var. Bu ölkələrlə islami dəyərlərə hörmət, iqtisadi, siyasi hərbi-texniki sahədə əməkdaşlığımız geniş vüsət alıb”. 
 


Deputat qeyd edir ki, bu günlərdə Birləşmiş Ərəb Əmirliyi Prezidentinin rəhbərliyi altında böyük bir nümayəndə heyətinin Bakıya səfəri İslam dünyası ilə əməkdaşlığımızın bariz nümunəsidir: 

"Tərəflər bir çox sahələrdə əməkdaşlığı genişlənidirmək və davam etdirməklə bağlı razılığa gəldi. Azərbaycan tək inkişaf etmiş İslam dövlətlərilə deyil, eyni zamanda, islami dəyərləri əsas götürən dövlətlərlə də sıx əlaqələr yaradıb. Kornovirus pandemiyası dövründə 80-ə yaxın ölkəyə bu bəla ilə mübarizə üçün vaksin və tibbi avadanlıqlar verməyimiz bunun bariz göstəricisidir. Hansı ki, həmin 80 ölkəni əksəriyyəti İslam ölkəsidir. Hesab edirəm ki, İslam dünyası ilə əməkdaşlığımız bundan sonra da davam edəcək. Bu istiqamətdə əlaqələrimizi daha da gücləndirməliyik. İqtisadi, mümkün olan yerdə hərbi-texniki əməkdaşlığı da durmadan artırmalıyıq”. 

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.