Xəbər lenti

Ölkə 17:46 01.08.2023

Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə verildi

Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən bildirilib.

Həmyerlimiz, eyni zamanda cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək.

Rauf Şahbazov buna qədər Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində çalışıb.

Azərbaycan Tibb Universitetinin məzunu olan həkim MD, PHD, MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.

Bakıdakı 5 nömrəli Kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-yə dəvət alıb.

Amerika Cərrahlar Kolleci, Amerika Cərrah-Transplantoloqlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür. 2017-ci ildə Azərbaycan-Amerika Tibb Assosasiyasını yaradaraq, ictimai fəaliyyətə başlayıb.

Elmi jurnallarda onlarla məqalənin müəllifi və ya həmmüəllifidir. "Transplant Cərrahiyyə” kitabında canlı donorun qaraciyər transplantasiyasına dair fəslin müəllifidir. Doğma dilimizdən başqa, ingilis, rus, türk dillərində sərbəst danışır və ərəb dilini bilir.

Qeyd edək ki, R.Şahbazov Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->