Ekonomiks 16:21 20.02.2024

"Azərenerji"yə yeni vəzifə həvalə edildi

Prezident KES-in tikintisi ilə bağlı pilot layihəyə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti tikinti ilə əlaqədar "Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, "Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”nin, "Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, "Torpaq icarə müqavilələrinin” və bu müqavilələrlə nəzərdə tutulmuş "Birbaşa razılaşma”ların və "Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün dövlət başçısına təqdim etməli, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və "Azərenerji” ASC ilə birlikdə investisiya müqaviləsində və enerji alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməli, aidiyyəti qurumlarla birlikdə layihənin həyata keçirildiyi ərazidə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının "Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi” və "Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan müddətdə və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, layihənin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək üçün tələb edilən digər inzibati və texniki məsələlərin icrası istiqamətində tədbirlər görülməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

"Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan daxili elektrik yarımstansiyası tikildikdən və quşların mühafizəsi sistemi quraşdırıldıqdan sonra "Azərenerji” ASC onu "ACWA Power Azerbaijan Renewable Energy” MMC-yə icarəyə verəcək.