Ölkə 18:22 06.02.2023

Bakıda bina tikintisinə icazə verilərkən seysmoloji rəy alınmır? - Ekspert və vəkil danışır

"Belə bir problemin olması ilə bağlı 2019-cu ildən bu yana Qurban Yetirmişli, yaxud da Seysmoloji Xidmət Mərkəzinin özü və onun hər hansı bir əməkdaşı mətbuatda çağırış etməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin "tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur” açıqlamasını şərh edərkən deyib. Ekspert Azərbaycandan fərqli olaraq, Türkiyə mətbuatında belə açıqlamaların yer aldığını bildirib:



"Türkiyədə seysmoloji xidmət üzrə istisaslaşmış məşhur alimlər, hətta avropalı mütəxəssislər tərəfindən vəziyyətə dair açıqlamalar verirlər. Bildirirlər ki, zaman-zaman məsələlər qaldırılıb, amma hökümət buna reaksiya verməyib. Amma istər 2019-cu ilə qədər, istərsə də 2019-cu ildən sonra Azərbaycanın tikinti sektorunda seysmik göstəriciləri, eyni zamanda tikinti şirkətlərinin apardıqları işlərin mövcud vəziyyətinə görə deyə bilərəm ki, ölkədə belə bir hal baş versə, dəhşətli vəziyyət yarada bilər. Bütün binalar bir-birinin içərisinə girib, bundan əlavə infrastruktur binalara o qədər yaxındır ki, bunun fəsadları daha ağır ola bilər. Şəhərdaxili mərkəzi yolun yaxınlığında tikinti işlərinin aparılmasını yığışdırmaq lazımdır".

Ramil Osmanlı bildirib ki, heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb:

"Azərbaycan da seysmik baxımdan aktiv ərazidir, tarixən güclü zəlzələlər olub. Məsələr, Abşeron yarmadası bu cür problemlə qorunmur. Tikintiyə nəzarət edən qurumlar bu məsələdə diqqətli olmalıdırlar. Sabah bu problem baş verdikdə nəticəsi ağır ola bilər, bir və yaxud iki məmuru cəzalandırmaqla məsələ bitməyəcək”. 

Tikinti sahəsi üzrə vəkil Vamiq Şükürov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, çoxmərtəbəli binaların tikilməsi üçün bir qayda olaraq Tikinti və Şəhərsalma Komitəsindən icazə alınmalıdır:



"Tikinti aparmaq istəyən fiziki və hüquqi şəxslər icazə alınması üçün xüsusi mülkiyyətlərində və ya icarəsində və yaxud istifadəsində olan torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncamın verilməsi üçün yerli icra hakimiyyətinə müraciət etməlidir. Sərəncam verildikdən sonra çoxmərtəbəli binaların tikinti layihəsi təsdiq olunmalıdır. Tikinti layihəsi Bakı şəhəri üzrə hündürmərtəbəli binaların tikilməsi üzrə Tikinti və Şəhərsalma Komitəsi tərəfindən təsdiq edilir. Tikinti layihəsi təsdiq edildikdən sonra tikintiyə icazə verilməsi üçün Tikinti və Şəhərsalma Komitəsi müxtəlif orqanlara ayrılmış ərazidə tikintinin aparıl-aparılmamasının mümkünlüyü barədə rəyin alınması üçün soğular verir. Həmin sorğular əsasında Fövqəladə Hallar Nazirliyi və onun təşkilatlarında, o cümlədən Tikinti və Şəhərsalma Komitəsinin təşkilatlarında binanın və ərazinin dayanıqlılığı, o cümlədən də seysmoloyi dayanıqlılığı yoxlanılır. Səhv etmirəmsə, seymoloji dayanıqlılığın yoxlanılması üzrə maddi-texniki imkanlar Fövqəladə Hallar Nazirliyində, Tikinti və Şəhərsalma Komitəsi və onlara tabe olan qurumlarda da var”.
 


Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında bildirib ki, 2019-cu ilə qədər aparılan inşaat işlərində şirkətlər mərkəzə müraciət edirdi:

"İndi belə müraciətlər almırıq. Müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.

Bahar Rüstəmli