Ekonomiks 18:00 25.12.2023

Bakıda bu məhkəmə üçün 21,6 milyon manata bina tikilir

Ədliyyə Nazirliyi Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Euroline” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 21 650 000 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Euroline” QSC 15 aprel 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2200 AZN olan şirkətin hüquqi ünvanı Şəki rayonunun Qoxmuq kəndində yerləşir. QSC-nin qanuni təmsilçisi Muhammad Asifdir. 

"Euroline” QSC 2016-cı ilə qədər "Əfqan” Firması adı ilə fəaliyyət göstərib. 2016-cı ildə şirkət "Afgan Holding” MMC adlandırılıb. 2020-ci ildə isə şirkətin adı növbəti dəfə dəyişdirilərək, "Euroline” adlandırılıb. Bu zaman şirkət təşkilati-hüquqi formasını da dəyişərək QSC-yə çevrilib. 

"Euroline” QSC-nin əvvəllər "Əfqan” Firması və "Afgan Holding” MMC adlandırılması təsadüfi deyil. Çünki şirkətin təsisçisi Əfqan Məmmədovdur. Bu fakta "Euroline” QSC-nin rəsmi saytında da rast gəlinir.

Mediada gedən məlumatlara görə, Əfqan Məmmədov əmək fəaliyyətinə 2006-cı ildə "Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti”nin Kadrlar şöbəsində baş inspektor vəzifəsində başlayıb. Daha sonra Gəncədə yerləşən ümumi rejimli cəzaçəkmə müəssisəsində iş icraçısı işləyib. 2014-cü ildə yenidən "Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-yə qayıdaraq əvvəl mühəndis, sonra isə baş mühəndis vəzifələrində çalışıb. 
Əfqan Məmmədov Şəkinin Baş Göynük kəndindəndir. 

Media yazır ki, onun şirkəti "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə sahilbərkitmə işlərinin tikintisi ilə məşğul olub. Bu səbəbdən o, uzun illər "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri işləmiş Əhməd Əhmədzadənin yaxın adamı kimi qələmə verilir. 

Mediada gedən bu məlumatlar indiyə qədər təkzib edilməyib. 

Seyid