Ölkə 20:48 03.09.2022

Bakıda Mərkəzi və Qərbi Asiya otorinolarinqoloqlarının konqresi keçirildi (FOTO)

Bakıda Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyəti ilə Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin konqresi keçirilib.

Trend-in məlumatına görə, konqresin açılışında Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, azərbaycanlı deputatlar, həkimlər və elm adamları iştirak ediblər.

Səfir Cahit Bağcı tədbirdəki çıxışında alimlərin fikirlərinə, yazdıqlarına, tətbiq etdiklərinə ehtiyac olduğunu deyib.

Konqres iştirakçılarından Türkiyə Qulaq, Burun, Boğaz və Baş Boyun Cəmiyyətinin prezidenti Prof. Dr. Özgür Yiğit mətbuata açıqlamasında bildirib ki, indi başqa ölkələrlə bir yerdə görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq İndi çox yayılmış elmi metoda çevrilib.

Bu metodun ən mühüm vasitələrindən birinin də konqreslər olduğunu ifadə edən Ö.Yiğit Türkiyə ilə digər türk respublikalarının birgə yaratdığı Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyətinin Bakıda konqres təşkil etməsinin vacib olduğunu vurğuladı.

Təcrübə mübadiləsinin vacibliyinə toxunan Ö.Yiğit deyib: "Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan olan dostlar bu tip məlumat mübadiləsinə əhəmiyyət verirlər. Çünki onlar illərdir bu cür əməkdaşlıqdan uzaq olublar. Biz bu imkanlardan yaxşı istifadə etməliyik. Biz bu fürsətdən yararlanmalı və bu əməkdaşlığı ən yaxşı şəkildə davam etdirməliyik.”