Foto 11:28 22.10.2022

Bakıda orqan və toxuma transplantasiyası ilə bağlı Beynəlxalq Elmi Konfrans keçirildi

"Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

21 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Azərbaycanda orqan transplantasiyasının tarixi barədə ətraflı məlumat verən C.Məmmədov hazırda ölkəmizdə orqan transplantasiyası əməliyyatlarının uğurla icra edildiyini vurğulayıb. O, Mərkəzi Gömrük Hospitalının qaraciyər və böyrək transplantiyası əməliyyatlarının ən çox icra edildiyi mərkəz olduğunu vurğulayaraq bu əməliyyatların yalnız canlı donorlardan istifadə edilməklə həyata keçirildiyini qeyd edib. 

Ölkədə ürək, ağciyər, mədəaltı vəzi və digər orqanların çatışmazlığından əziyyət çəkən pasiyentlərin mövcudluğunu nəzərə alaraq "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında yenilənmiş qanuna əsasən beyin ölümü keçirmiş insanlardan alınan orqanlardan istifadə oluna oluna biləcəyini qeyd edən C.Məmmədov alternativ donor hovuzunun yaradılmasının zəruriliyi barədə ətraflı məlumat verib. C.Məmmədov orqan transplantasiyası işinin təşkilində cəmiyyətin hər bir fərdinin özünəməxsus rolu olduğunu qeyd edərək konfrans iştirakçılarını prosesdə aktiv olmağa dəvət edib.

Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin iştirak etdiyi konfransın açılış hissəsində eyni zamanda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Səhiyyə nazirinin müavini t.ü.f.d., dosent Nadir Zeynalov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, t.e.d. Rəşad Mahmudov, Türkiyənin ilk orqan nəqli koordinatoru, Bahçeşehir Universiteti Medikal Park Göztepe Xəstəxanasının Orqan Nəqli Mərkəzinin ümumi cərrahı Ata Bozoklar və Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, ATU-nun məhkəmə təbabəti kafedrasının professoru, hüquqşünas, t.e.d. Vüqar Məmmədov da çıxış edib. 

200-dən çox mütəxəssisin əyani, 500-dən çox mütəxəssisin distant iştirak etdiyi konfrans gün ərzində "Beyin ölümü diaqnozunun təyin edilməsi”, "Beyin ölümü diaqnozunun orqan və toxuma transplantasiyası işinin təşkilində əhəmiyyəti” və "Orqan bağışı və transplantasiyası işinin sosial-ictimai aspektləri” panelləri ilə öz işini davam etdirib.

Ümumilikdə 700-dən çox müxtəlif ixtisaslı ekspertin, həkim və rezidentlərin iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 6 DTT balı qazanıb.