Dünya 11:41 09.03.2024

Bayden ABŞ-da "TikTok"u qadağan etməyə hazır olduğunu açıqladı

ABŞ prezidenti Co Bayden bildirib ki, sənəd Konqres tərəfindən təsdiqlənərsə, ölkədə "TikTok"u qadağan edən qanun layihəsini imzalayacaq. 

Qaynarinfo bu barədə "NBC News"a istinadən xəbər verir.

"Konqres qərar qəbul etsə, mən onu imzalayacağam", deyə Bayden bildirib.

Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq üçün qanun layihəsi Viskonsin ştatından respublikaçı Mayk Qallager və İllinoys ştatından demokrat Raja Krişnamurti tərəfindən hazırlanıb.

Qanun layihəsi "TikTok"a sahib olan Çin şirkəti "ByteDance"ni 6 ay müddətinə proqrama nəzarətdən imtina etməyə məcbur edə bilər, əks halda ABŞ-da qadağan olunacaq.

Martın 8-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Ticarət və Enerji Komitəsi yekdilliklə ABŞ-da "TikTok"a qadağa qoyulmasına səbəb ola biləcək qanun layihəsini qəbul edib. Qanun layihəsi "ByteDance" və "TikTok"u "xarici təcavüzkarlar" tərəfindən idarə olunan proqramlar adlandırır.

Aydın