Dünya 18:31 02.12.2022

Bayden Putinlə danışıqlar üçün qəbuledilməz şərtlər qoyur - Kreml

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin Ukrayna üzrə danışıqlara hazır olduğunu bildirib. Lakin onun sözlərinə görə, onların başlaması üçün bir gün əvvəl ABŞ prezidenti Co Baydenin dediyi şərtlər qəbuledilməzdir. 

Peskov əlavə edib ki, Ukraynada hərbi əməliyyatlar davam edəcək. Bayden bir müddət əvvəl Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra Vladimir Putinlə danışıqlara başlamağa hazır olduğunu bildirib.

"O deyib ki, ilk növbədə Putin Ukraynanı tərk etməlidir. O hesab edir ki, bu göstəricidir və Putinin danışıqlara hazır olduğunu belə nümayiş etdirməlidir. ...ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır. Və təbii ki, bu, bir növ qarşılıqlı zəmin axtarışını, qarşılıqlı müzakirələr üçün əsasları xeyli çətinləşdirir”, – Dmitri Peskov "Kommersant FM”in sualına cavabında bildirib.

Peskov əlavə edib ki, Vladimir Putin danışıqlara hazırdır. "Xüsusi hərbi əməliyyat davam edir. Eyni zamanda, prezident Putin danışıqlara açıqdır”, - o əlavə edib. Onun sözlərinə görə, Rusiya üçün "dinc diplomatik vasitələr” üstün olaraq qalır.

Xatırladaq ki, dekabrın 1-də Co Bayden yaxın gələcəkdə Vladimir Putinlə əlaqə saxlamağı planlaşdırmadığını bildirib. O əlavə edib ki, Putin Ukraynada hərbi münaqişəyə son qoymaq istəyini nümayiş etdirdiyi zaman onunla danışıqlara hazır olacaq. Dekabrın 2-də ABŞ dövlət katibi Entoni Blinken əlavə edib ki, cənab Bayden Ukraynada münaqişənin genişlənməsindən yayınmaq istəyir.

Nizami Bağırov