Siyasət 19:18 01.02.2023

Bayramov-Lavrov danışıqları: Moskva Bakıya nə təklif edir?

"Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin yenidən müzakirə predmeti olmasını qabartmaqla növbəti dəfə arada mövcud olan boşluğu doldurmaq istəyir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

"Məhz Ermənistan və Fransanın dağıdıcı fəaliyyətilə danışıqlar dalana dirənib. Bu kontekstdə Parisin təmsil olunduğu Avropa Birliyi Fransanın bu addımına qarşı çıxmaq istəmir. Nəticədə, növbəti Brüssel görüşünün təşkili istiqamətində ciddi hərəkətlənməni müşahidə etmirik. Bu yöndə ABŞ daha aktivdir. Onlar ikitərəfli görüşün keçirilməsini istəyir və onun Gürcüstanda ola biləcəyinə də işarə ediblər. Ermənistan isə bunda da maraqlı deyil", deyə politoloq qeyd edib.
 

 
Ekspert deyir ki, prosesdə yaranmış boşluqdan Moskva yararlanmaq qərarına gələrək, növbəti görüşü təşkil etməyə çalışır:
 
"Ancaq Laçın yolu, Ermənistan-Rusiya, habelə Bakı-Moskva-İrəvan münasibətləri kontekstində dəyişən bir şey yoxdur. Belə olan təqdirdə, İrəvanın Moskvanın bu təklifini də qəbul etməyəcəyi bəri başdan aydındır. İrəvanın prosesi sabotaj etməsilə Kremlin bu niyyəti də alınmaya bilər”. 

Qeyd edək ki, yanvarın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Danışıqlar əsasında Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Bu kontekstdə Rusiya Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri rəhbərləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu təsdiqləyib. 

Rüfət Sultan