Dünya 18:35 03.10.2022

BƏƏ şeyxi rus oliqarxlarına kömək etdiyinə görə sanksiyalarla üzləşə bilər

Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Şeyx Mənsur bin Zayed Əl Nəhyan Rusiya milyarderlərinə sanksiyalardan yayınmağa kömək etdiyinə görə Böyük Britaniyada cinayət işi ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Middle East Eye” yazır.

Nəşr bildirir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi cinayət işləri üzrə beynəlxalq hüquqşünaslar Ris Deyvis və Ben Keytdən Şeyx Mansurun BƏƏ-də sanksiyaya məruz qalmış pul axınında "mərkəzi rol" oynaması barədə məlumatlar alıb. Xüsusilə, şeyx Roman Abramoviçə və adı açıqlanmayan digər rus milyarderlərə kömək edib.

Hüquqşünaslar qeyd edirlər ki, BƏƏ "indi sanksiya altında olan Putin tərəfdarları üçün bir məkan kimi qəbul edilir". Hüquqşünaslar deyirlər ki, Ukraynadakı müharibəyə görə Qərb tərəfindən sanksiyaya məruz qalan rusiyalı milyarderlər gəlirlərini gizlətmək üçün "daha çox Şeyx Mənsurun ofisinə üz tuturlar”.

Onların sözlərinə görə, Rusiya prezidenti ilə birbaşa əlaqəsi olan 38-dən çox iş adamı və məmur BƏƏ-də dəyəri 314 milyard dollardan çox olan əmlaka sahibdir. Məsələn, Abramoviç 350 milyon dollar dəyərində olan "Boeing 787 Dreamliner” təyyarəsini BƏƏ-də gizlədib, metallurgiya maqnatı, Dövlət Dumasının deputatı Andrey Skoç və milyarder Andrey Melniçenkonun yaxtaları isə Dubayda lövbər salıb.

Böyük Britaniyada BƏƏ şeyxinə qarşı aparılan istintaq monarxiya hakimiyyətinə təzyiqi artıracaq, lakin bu günə qədər müttəfiqlik münasibətlərini gərginləşdirə bilər. Eyni zamanda, vəkillər Britaniya Xarici İşlər Nazirliyindən şeyxin özünə qarşı sanksiya tələb edirlər.

Eyni zamanda, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın diplomatik müşaviri daha əvvəl deyib ki, BƏƏ ruslara qarşı sanksiyalarla bağlı ABŞ-la "sıx danışıqlar aparır”. "Biz dollar iqtisadiyyatıyıq. Ona görə də bu cür danışıqların aparılması bizim üçün vacibdir”, - deyə müşavir izah edib. Bununla belə, o, sanksiya siyahılarına daxil olanlarla müharibə ilə heç bir əlaqəsi olmayan və "təhlükəsiz sığınacaq” axtaranları fərqləndirməyə çağırıb.

ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo iyunun sonunda BƏƏ-yə səfər edərək yerli hakimiyyət orqanlarını Rusiya nümayəndələri ilə işləməyin nəticələri barədə xəbərdar edib. Ukraynada müharibə başlayandan bəri Rusiyadan əmirliklərə özəl uçuşların payı 3%-dən 14%-ə yüksəldikdən sonra BƏƏ Qərbin diqqətini cəlb edib.

Nizami Bağırov