Xəbər lenti

Ölkə 18:17 23.11.2023

Bərdədə yas mərasimində faciə: Yaralıların sayı artdı, ölən var (YENİLƏNİB/TƏFƏRRÜAT)

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.

15.09
 
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Hadisə zamanı ölən şəxs Məmmədova Sarıtel Abbasəli qızıdır.

14.11

Bərdə rayonunda yas mərasimi zamanı döşəmənin çökməsi nəticəsində 50-yə yaxın qadın xəsarət alıb.

Bu barədə İqtisadiyyat.az-a hadisənin baş verdiyi Yeni Daşkənd kəndin icra nümayəndəsi Sabir Cahangirov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, kənd sakini Əliyar Əliyevin il mərasimi keçirilib. Həmin vaxt qonşu və kənd sakinləri olan qadınlar mərhumun evində baş tutan məclisdə iştirak ediblər. Bu zaman qəfildən evin döşəməsi uçub. Nəticədə məclisdə iştirak edən 50-yə yaxın qadın dağıntılar altında qalıb.

Hadisə zamanı dağıntılar altında qalan qadınlardan biri - 1958-ci il təvəllüdlü Məmmədova Saritel Abbasəli qızı ölüb.

Yaralananlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

14.00
 
Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

"Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?