Siyasət 18:54 01.03.2024

Berlin görüşü nə ilə yadda qaldı? (ŞƏRH)

"Danışıqlar formatının bərpasından başqa ciddi addımın şahidi olmadıq". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Berlində Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən ikigünlük görüşü şərh edərkən deyib.

Şərhçi bildirib ki, Berlin görüşü barədə hələlik tərəflər arasında müzakirə olunan məsələlərin sayının azalmadığı, əksinə artdığı qənaətinə gəlmək olar:

"Müzakirələrdə mövqelərin hansısa bir yaxınlaşmasının şahidi olmadıq. Söhbət ondan gedir ki, danışıqlar prosesi uzun müddətdir dayanmışdı. İndi bərpa olundu və proses davam edir. İndiki vəziyyət bir neçə ay bundan əvvəlkindən daha qarışıq və mürəkkəbdir. Avropanın mövqeyi də görünür bir tərəfdən Azərbaycanın mövqeyinə təsir edir. İkincisi, Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskinləşməsi də proseslərə öz təsirini göstərib. Yəni indi kələf daha dolaşıqdır, nəinki bir qədər bundan əvvəl olduğundan. Fikrimcə, onların təsiri özünü göstərir".

Qeyd edək ki, fevralın 28-29-da Almaniya xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutub. 

Rüfət Sultan