Siyasət 14:25 27.02.2024

Berlin görüşündə hansı sənədlər imzalana bilər? (ŞƏRH)

"Bu mərhələdə konkret bir problemin həllini gözləmək mümkün deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində olması gözlənilən görüşünü şərh edərkən deyib.

Keçmiş nazir bildirib ki, xarici işər nazirləri çərçivə sazişi üzərində işləyir:
 


"Ona görə də Berlindəki görüş bu işin davamı ola bilər. Məsələyə tərəflərin yanaşması fərqlidir. Ermənistan istəyir ki, çərçivə sazişinə ərazi bütövlüyünə aid hansısa sərhədləri, xəritə və rəqəmləri də əlavə etsin. Azərbaycan isə bildirir ki, bunlar hələ müəyyən olunmalıdır. Prinsip baxımından dövlətlər həmin sənəddə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Amma onun konkret nədən ibarət olması, ərazi bütövlüyünün hansı sərhədlərə aid olması sülh sazişindən sonrakı danışıqlarda müəyyən olunacaq. Bu işlə delimitasiya və demarkasiya komissiyası məşğuldur. Tərəflər sülh mətnində məqsədlərinin kommunikasiyaların bərpası olduğunu da bəyan edə bilərlər. Amma hansının birinci və hansı şəkildə istifadə olunacağı isə gələcək danışıqların mövzusudur". 

Tofiq Zülfüqarov vurğulatıb ki, təzminat, hərbi cinayətkarların məsuliyyətə cəlbi kimi məsələlər də gələcəyin söhbətidir:

"İndiki mərhələdə isə qısa, 5-6 səhifəlik çərçivə sazişindən söhbət gedir". 

Qeyd edək ki, erməni mətbuatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadən fevralın 28-29-da Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi nümayəndələrinin Berlində görüşəcəklərini bildirib. Bununla bağlı razılıq Münhendə olan üçtərəfli görüşdə əldə edilib. 

Rüfət Sultan