Dünya 12:20 31.10.2022

Berlin üçün dönüş nöqtəsi: Almaniya Rusiyadan niyə qorxur? - Tarixi dərslər və nəticələr

Amerikalı jurnalist Enn Epplbaum "The Atlantic” üçün köşə yazısında almanların Ukraynaya ağır silahlar göndərməyə niyə tələsməməsinin tarixi mənşəyi haqqında yazıb. Qaynarinfo həmin yazını təqdim edir:

Fevralda Rusiyanın Ukraynaya müdaxiləsindən üç gün sonra kansler Olaf Şolts Bundestaqda gözəl çıxış etdi. Hərbi məsələlərdə az təcrübəsi olan sosial demokrat Şolts 1990-cı illərdən bəri artıq həqiqi orduya ehtiyacı olmadığına inanmağa alışmış ölkəsinə bu il müdafiə büdcəsinə 100 milyard avro əlavə edəcəyini bildirdi. Onun sözlərinə görə, Almaniyaya "uçan təyyarələr, dənizə çıxa bilən gəmilər və tapşırıqları yerinə yetirmək üçün optimal şəkildə təchiz edilmiş əsgərlər" lazımdır. O, Rusiya enerjisindən onilliklər boyu artan asılılığın sona çatacağını və Almaniyanın buna alternativ hazırlamağa başlayacağını qeyd etdi. Və bir neçə həftə Ukraynaya silah göndərməkdən imtina etdikdən sonra Almaniyanın oraya tank əleyhinə silahlar və "Stinger” raketləri göndərəcəyini bildirdi.

Şolts bunu "Zeitenwende” və ya tarixi dönüş nöqtəsi adlandırdı, lakin hamı buna hazır deyildi. Bundestaqın müdafiə komitəsinin sədri (və hökumət koalisiyasının azad demokrat üzvü) Mari-Aqnes Ştrak-Tsimmermann Şoltsun öz partiyasından olan siyasətçilərin üzünə baxıb və çoxlarının mat qaldığını görüb. Komitə sədri fikirləşirdi ki, "dönüş nöqtəsi" dərhal başlayacaq. Onun sözlərinə görə, bunun əvəzində Şolts sanki "parlaq bir çıxış söylədi və sonra oturub dincəlməli oldu."

Bu çıxışdan bəri almanlar Ukraynaya yardımın əslində nə demək olduğunu, hansı silahların göndərilə biləcəyini və göndərilə bilməyəcəyini, Rusiyanın hansı silahlara kəskin reaksiyası ola biləcəyini və müharibədə qalib gəlməyə nəyin kömək edə biləcəyini müzakirə edirlər. Getdikcə daha çox alman silahının Ukraynaya göndərilməsinə baxmayaraq, ölkədə bu mövzuda olan müzakilər digər yerlərdə olduğundan daha mübahisəlidir.

Hansısa populyar Amerika tok-şousunda Ukraynaya tankların göndərilib-göndərilməyəcəyi barədə bir saatlıq müzakirəni təsəvvür etmək çətindir, lakin bu yaxınlarda bir alman tok-şousunda belə müzakirələr aparıldı. Müxalifət siyasətçiləri bir çox başqa məsələlərdə olduğu kimi bu məsələdə də hökuməti tənqid atəşinə tutsalar da, Ştrak-Tsimmermann və hakim koalisiyadakı digər siyasətçilər öz növbəsində həm də yardımın sürətini və xarakterini tənqid edirlər. Bundestaqın Yaşıllar Partiyasının üzvü (o da koalisiyanın bir hissəsidir) Anton Hofreyter mənə dedi ki, ağır silahların tədarükü yalnız ona görə baş verib ki, bu qədər insan onları bunu etməyə məcbur edib. Keçən həftə Berlində bir sıra görüşlər zamanı insanların Şoltsun seçki qərargah rəisi Volfqanq Şmidtə suallar verməsini izlədim. Ondan tanklar haqqında bir neçə dəfə soruşdular.

Gəlin bir az arxadan başlayaq: Almaniyanın Ukraynaya verə biləcəyi tankları var, amma bunu etmir. Almaniya hökuməti ölkə istehsalı olan tanklara sahib olan digər Avropa ölkələrinə də öz tanklarını Ukraynaya göndərməyi qadağan edib. Bununla belə, Almaniya bir çox başqa ağır, o cümlədən tanka bənzər silahlar göndərib. Bu silahlar, eləcə də bu həftə Kiyev səmasında raketləri vura bilən hava hücumundan müdafiə sistemləri sayəsində Almaniya ABŞ və Böyük Britaniyadan sonra Ukraynanın üçüncü ən böyük silah tədarükçüsü oldu.

Bu arada Polşa və digər ölkələr anbarlarında olan sovet tipli tankları Ukraynaya təhvil veriblər. Rusiya qüvvələrinə hücum etmək üçün istifadə edilə bilən məhz iri müasir Qərb "əsas döyüş tankları" Ukraynaya üstünlük verə bilər. Lakin onlar Ukraynaya verilmir. Bir çox almanlar bu imtinanın qətiyyətsizlik və ya diqqətsizlik olduğunu düşünür, bu barədə danışanda olduqca tez qəzəblənirlər.
 
Bəs niyə Ukraynaya tanklar göndərməyək? İştirak etdiyimiz paneldə Şmidt bir sıra izahatlar verdi. Onlardan bəziləri logistika ilə bağlı idi: o qeyd etdi ki, tanklar uzun tədarük və təmir sistemləri zəncirləri tələb edir, onların qurulması çox vaxt aparacaq. Digər izahatlar isə bunun necə qəbul ediləcəyi ilə əlaqədar idi: "Əgər alman dəmir xaçı olan tanklar ələ keçirilsəydi, bu, Rusiya təbliğatına "baxın, NATO bizə hücum edir" deməsi üçün böyük bir bəhanə olardı". 

Amma logistikanı qurmaq olar. Hazırda Rusiyanın buna reaksiyası çətin ki, narahatlıq doğursun. Putin Almaniya hökumətinin hansı tərəfdə olduğunu bilir və istənilən halda Ukraynaya göndərilən alman tankları alman nişanı ilə deyil, Ukrayna bayrağı ilə bəzədiləcək. Əslində, əsas arqument siyasidir. Şmidtin dediyi kimi, Ukraynanı müasir tanklarla heç kim təmin etmir, nə fransızlar, nə də ən əsası amerikalılar. Almanlar və ya ən azı Şolts və Şmidt bunu ilk olaraq başqasının, xüsusən də ABŞ-ın etməsini gözləyirlər. 

Yenə soruşuram, niyə? Almaniya öz istehsalı olan tanklara sahib olan bütün ölkələrdən, o cümlədən Polşa, Niderland, Finlandiya, İspaniya, Yunanıstandan konsorsium yarada və onları birlikdə təchiz edə bilər ki, bu da logistik problemin həllinə kömək edəcək, çünki prosesə daha çox tank və təlimatçı cəlb olunacaq. Bir qrup Yaşıl və Liberal Demokrat siyasətçi bu həftə bir bəyanat yayaraq, məhz buna - "tərəfdaşlarımızın və müttəfiqlərimizin əlaqələndirilmiş fəaliyyətinə" çağırdı. Gəlin birlikdə irəliləyək! Lakin kansler hərəkətə keçməyə qərar verənə qədər sosial demokratların onlara qoşulacağı ehtimalı azdır. Və bu an üçün Şolts hərəkət etmir. Çünki bu, əslində tanklarla bağlı mübahisə deyil. Bu Almaniya haqqında mübahisəsidir. Və bu mübahisə hələ də həll olunmayıb.

İpucu yuxarıdakı bəyanatda edilən tarixi istinadda var: "Avropada, xüsusən də Polşada və keçmiş Sovet İttifaqı ölkələrində insan haqları ilə bağlı ən dəhşətli cinayətlərə görə məsuliyyət daşıyan ölkə kimi, bizim üzərimizə xüsusi məsuliyyət düşür - sülh və insan hüquqlarının pozulmasının qarşısını almaq”. Başqa sözlə, bu Yaşıl və Liberal Demokratlar qrupu alman tarixi dərslərinin Almaniyanı hərbi müdaxilə mənasına gəlsə belə, Avropada növbəti soyqırımın qarşısını almağa məcbur etdiyini iddia edir. Onlar və başqaları bunu ürəkdən hiss edir və tez-tez bu barədə danışırlar.

Ancaq son 75 il ərzində və xüsusən də Sovet İttifaqının dağılmasından, ölkənin yenidən birləşməsindən sonrakı 30 ildə bir çox almanlar tarixdən əks dərs götürüblər. İndiyə qədər hamı tərəfindən başa düşüldüyü kimi, 1945-ci ilin dərsi, Almaniyanın, xüsusən də Avropada nəyin bahasına olursa-olsun, müharibəyə girməkdən imtina edərək, müharibənin qarşısını almasından ibarət olub. 1989-cu ilin dərsi də çox vaxt eyni şəkildə başa düşülürdü. Əgər amerikalılar Soyuq Müharibənin nüvə silahları, ABŞ qoşunlarının Avropada illərlə mövcudluğu və Ronald Reyqanın bu öhdəliyi artırmağa təkan verməsi sayəsində qazanıldığını düşünürlərsə, o zaman bir çox almanlar, xüsusən də Şoltsun Sosial Demokrat Partiyasında kompromis və ticarətin ən vacib şey olduğuna, xüsusən də Rusiya qaz yataqlarına qarşılıqlı faydalı boru kəmərlərinin çəkilməsi münaqişəyə son qoyduğuna inanırlar.

Burada biznes maraqları da rol oynayır, xüsusən də boru kəmərlərinə sərmayə qoyan iri alman şirkətlərinin. Alman sənayeçi və ya iqtisadçı ilə danışın, tez-tez əsl narahatlıq eşidə bilərsiniz: müharibə nə vaxt bitəcək? Normal həyata nə vaxt qayıdacayıq? "Sıfır” hərbi iştirakla yanaşı, Almaniya tarixinin köhnə dərsi, eyni zamanda, Rusiya təcavüzünün artan sübutlarına göz yumaraq və yüksək səviyyəli iqtisadi qarşılıqlı əlaqənin gec-tez rusları da mehribanlaşdıracağını fərz etməklə Rusiya ilə iş görmək üçün yaşıl işıq yandırdığını da nəzərdə tuturdu.
 
Vendel və Handelin mantrası - "ticarət yolu ilə dəyişiklik" - həm gözəl səsləndiyinə, həm də çox qazanclı olduğuna görə tez bir zamanda beyinlərə həkk olundu. Ştrak-Tsimmermann və Hofreyter bu paradiqmanın dağılması ilə barışan bir çox alman arasında olsalar da, hamısı hələ bunu qəbul etməyib. Almaniyadan hər il milyardlarla avro dəyərində avtomobil və avadanlıq alan Çinlə oxşar qırılma təhlükəsi indi kifayət qədər real görünür. Ukraynaya göndərilən hər yeni silah bir daha onu göstərir ki, yaxın gələcəkdə normal vəziyyət qayıtmayacaq. 

Qorxu da rol oynayır. Ola bilsin ki, Almaniyada yandırılmış şəhərlərin xatirəsi hələ də yaddaşlarda olduğundan, alman mediası müharibənin əvvəlindən Rusiyanın nüvə arsenalının təhlükəsini vurğulayırdı. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun hərbi analitiki Klaudiya Meycor mənə bildirib ki, onun komandası Rusiya rəsmiləri və dövlət təbliğatçıları tərəfindən Rusiya televiziyası və mediasında Almaniyaya qarşı nüvə hədələrinin 100 səhifəlik siyahısını tərtib edib. Bu qorxutma taktikası işləyir. Müharibənin tez bir zamanda həlli üçün istənilən sövdələşməyə çağırışlar Almaniyada, xüsusən də ifrat sağçı və solçular arasında eyni dərəcədə yüksək səslənir, ABŞ-dakı rusiyayönlü siyasi dairələrdə olduğu kimi.

Təbii ki, bu mesaj Ukraynanın şərqinin işğalını daimi etmək istəyən, belə demək mümkündürsə, baş vermiş fakt kimi qəbul etdirmək istəyən rusların ürəyincədir. Bu, onlara yenidən qruplaşmaq, silahlanmaq, Avropada kütləvi qaçqın böhranı yaratmaq və bir neçə ildən sonra Ukraynanın qalan hissəsinə hücum etmək imkanı verəcək. Müvəqqəti atəşkəs Rusiya prezidenti Vladimir Putinə indi qələbə qazandığını iddia etmək, sonra isə müharibəni davam etdirmək şəraitini yaradacaq.

Belə olan halda, Almaniya təhlükəsiz olmayacaq, daha böyük təhlükə altında olacaq, çünki təcavüzkar, cəsarətli Rusiyanın sərhədləri getdikcə daha da qərbə doğru irəliləyəcək. Almaniyanın siyasi səhnəsində bəziləri bunu məntiqlə başa düşsələr də, çoxları hələ də qorxu içindədir - buna görə də hər bir silah kateqoriyası yeni müzakirələrin mövzusudur və bəlkə də müəyyən mənada buna görə kansler onlardan heç birini istifadə edən ilk lider olmaq istəmir. Təyyarələrin verilməsi Ukraynada taktiki nüvə silahından istifadəyə və ya hətta Almaniya şəhərlərinin bombalanmasına səbəb olacaqmı? Bəs uzun mənzilli artilleriya? Tanklar?

Lakin debatların amansızlığı özü artıq baş vermiş dərin dəyişiklikləri əks etdirir. Bütün Qərb demokratiyaları arasında Rusiya ticarətinə və Rusiya qazına "stavka” edən Almaniya olub, həmçinin almanlar tərəfindən ən böyük "stavka” isə Putinin rasionallığına edilib. İndi də müharibənin ən böyük iqtisadi bədəlini ödəyən Almaniyadır. Bununla belə, Ukraynanın hərbi müdafiəsinə dəstək çox güclü olaraq qalır. Sentyabr ayında keçirilən sorğuda iştirak edən almanların 70%-i enerji qiymətlərinin bahalaşması anlamına gəlsə belə, Ukraynanın qalib gəlməsinə kömək etmək istədiklərini bildiriblər.

Şoltsun özü də bu yaxınlarda Rusiyanın liberal demokratiyaya qarşı "səlib yürüşü”ndən danışıb və etiraf edib ki, Putin öz həyatını Almaniyanın da vaxtilə mövcud olduğu və çiçəkləndiyi dünyanı məhv etməyə həsr edib. Şmidt Almaniyada tanklar və digər silahlarla bağlı mübahisələrin intensivliyinin almanların liderliyə öyrəşmədiklərini, onların hələ "yeniyetməlik çağında” olduqlarını, rəhbərlik etməyə tam hazır olmadıqları barədə danışmağı xoşlayır. 

O, əlbəttə ki, haqlıdır, hərçənd mən başqa cür ifadə edəcəm: əslində bəzi almanlar rəhbərlik etməyə hazırdır, bəzi almanlar tarixin dərslərini yenidən öyrənib, bəziləri isə öz həmvətənlərini dünyanın dəyişdiyinə və onunla birlikdə dəyişməli olduqlarına inandırmağa başlayıblar. Onlar hələ bu mübahisəni qazana bilməyiblər. Bunu bacarsalar, Avropa özünü müdafiə etməyə hazır olacaq, Rusiya artıq "sakitləşdirmə” siyasətinin tərəfdarlarına arxalana bilməyəcək və "Zeitenwende” nəhayət reallığa çevriləcək.

Tərcümə: Nizami Bağırov
Qaynarinfo