Ekonomiks 15:35 04.11.2023

BŞİH vətəndaşa 350 000 manat kompensasiya ödəyəcək - Məhkəmə qərarı

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşa 350 000 AZN kompensasiya ödəyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva qərar çıxarıb.

İş materiallarından məlum olur ki, adını müəyyən səbəblərdən açıqlamadığımız vətəndaşın Novxanıda 46 sot torpaq sahəsi olub. Həmin torpaq sahəsi dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) verilib. 

Əvəzində isə vətəndaşa Nizami rayonunda 48 sot torpaq sahəsi ayrılıb. Lakin sonradan bu torpaq sahəsinin 30 sotu Binəqədi rayonunda torpaq sahəsi ilə əvəzləşdirilib. 

Bir müddət sonra həmin torpaq sahəsi də dövlət ehtiyacları üçün vətəndaşdan geri alınıb və ona 1 750 000 AZN kompensasiya ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. 

Vətəndaş 1 750 000 AZN kompensasiyanın 850 000 AZN-nindən imtina edərək, 900 000 AZN ödənilməsini xahiş edib. Bunun necə baş verdiyi, vətəndaşın hansı səbəbdən kompensasiyanın demək olar ki, yarısından imtina etməsi bizə bəlli deyil. 

Hər halda Binəqədi rayonundakı 30 sot torpağa görə kompensasiya ödənilməsi təmin edilib. 

Bundan sonra vətəndaş yerdə qalan 18 sot torpaq sahəsi üçün də kompensasiyanın ödənilməsini tələb etsə də, nəticə olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşa cavab məktubunda məsuliyyəti Maliyyə Nazirliyinin üzərinə atıb. Bu baxımdan, vətəndaş məhkəməyə müraciət edərək 18 sot torpaq sahəsinə görə ona 1 350 000 AZN kompensasiya ödənilməsini xahiş edib. 

Məhkəmə isə iddianı qismən təmin edərək, vətəndaşa 350 000 AZN kompensasiya ödənilməsi barədə qərar çıxarıb. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2018-ci ildən bu vəzifədədir. 

Seyid