Dünya 21:45 04.09.2023

BMT Ukraynada soyqırımla bağlı hələ ki “kifayət qədər dəlil” tapmadığını bildirdi

BMT-nin Ukraynadakı pozuntuları araşdıran Müstəqil Beynəlxalq Komissiyası hələ ki, Rusiyanın Ukraynada soyqırım cinayəti törətdiyi qənaətinə gəlməyib. 

Qaynarinfo xəbər verir ki, bunu komissiyanın rəhbəri Erik Mese bazar ertəsi, sentyabrın 4-də keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

"İndiki mərhələdə biz hələ də Ukraynada soyqırımın baş verdiyi qənaətinə gəlməmişik... Biz bu cinayətlə bağlı narahatlıq və iddiaları yaxşı bilirik. Biz bunu mərhələ-mərhələ araşdırırıq. Hazırda [Rusiya cinayətlərini] Soyqırım Konvensiyasının qanuni tələblərinə uyğunlaşdırmaq üçün əlimizdə kifayət qədər sübut yoxdur”, - deyə o, araşdırmaların davam etdiriləcəyini vurğulayıb.

Eyni zamanda, Mese qeyd edib ki, komissiya Rusiya qoşunları tərəfindən qəsdən adam öldürmələr, qanunsuz həbslər, işgəncələr, zorlamalar və cinsi zorakılığın digər formaları, uşaqların deportasiyası da daxil olmaqla çox sayda pozuntuları qeydə alıb və bu pozuntuların çoxu müharibə cinayətləri kimi qiymətləndirilir və onların bəziləri, əlavə dəlillərlə təsdiqlənərsə, insanlığa qarşı cinayət hesab edilə bilər, xüsusən də işgəncə və mülki infrastruktura hücumlar. Komissiya rəhbəri əlavə edib ki, Rusiya mətbuatında yayılan bəzi bəyanatlar soyqırıma çağırış kimi qiymətləndirilə bilər, lakin hələlik yekun nəticə verilməyib.

Oktyabrda komissiya öz işi ilə bağlı hesabatlarını BMT Baş Assambleyasına, 2024-cü ilin martında isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Qeyd edək ki, mart ayında komissiya Rusiyanın Ukraynada dinc sakinlərə hücumlarının, işğal olunmuş ərazilərdə sistematik işgəncələrin, zorlamaların və qətllərin müharibə cinayətləri və ola bilsin ki, insanlığa qarşı cinayətlər olduğunu təsdiqləyən hesabat yayıb.

Nizami Bağırov