Dünya 15:55 13.11.2023

Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kemeron Krallığın XİN rəhbəri təyin edildi (YENİLƏNİB)

Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kemeron xarici işlər naziri vəzifəsinə təyin edilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Rişi Sunak X (keçmiş Twitter) səhifəsində bildirib. Xarici işlər naziri Ceyms Kleverli işdən çıxarılan Suella Bravermanın yerinə daxili işlər naziri vəzifəsinə təyin edilib. Böyük Britaniyada kabinet nazirləri parlamentin palatalarından birindən seçilir. 

Devid Kemeron 2016-cı ildən parlamentin üzvü deyil, lakin Sky News-un qeyd etdiyi kimi, hökumət indi onun Lordlar Palatasına ömürlük per kimi daxil olacağını təsdiqləyib və ona yenidən nazir vəzifəsində işləmək imkanı verib. Xarici işlər naziri kimi ilk bəyanatında Kemeron Ukrayna və Yaxın Şərqdəki münaqişələri "qorxulu çağırışlar toplusu” adlandırıb.

"Bu ölkənin  keçmişində nadir hallarda müttəfiqlərin yanında olmaq, tərəfdaşlığımızı gücləndirmək və səsimizi eşitdirmək bu dərin qlobal dəyişikliklər dövründəkindən  daha vacib olub" deyə o, X-də yazıb. Britaniya mətbuatının yazdığına görə, Rişi Sunak hökumətdə  genişmiqyaslı kadr dəyişikliyi prosesinə başlayıb. 

Krallığın Daxili işlər naziri Suella Braverman The Times qəzetində köşə yazı dərc etdirdikdən sonra vəzifəsindən azad edilib. Köşə yazısında o, polisin işini tənqid edərək, onları "ikili standartlarda” və ifrat sağçıların yürüşləri kimi "Fələstin tərəfdarlarının izdihamları”nın da öhdəsindən gələ bilməməkdə ittiham edib. Köşe yazısının mətni nazirliklə razılaşdırılmayıb və Rişi Sunakın ofisi köşəyə düzəlişlər edilməsini istəyib, ancaq nazir Braverman buna məhəl qoymayıb. 

Nizami Bağırov
 
15:47

Böyük Britaniyanın Baş naziri Rişi Sunak krallığın Daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə BBC və digər Britaniya mediası məlumat yayıb

The Sun-a görə, onun vəzifəsini Xrici işlər naziri Ceyms Kleverli icra edəcək. Böyük Britaniya mətbuatının yazdığına görə, Sunak hökumətdə genişmiqyaslı kadr dəyişikliyi prosesinə başlayıb. Bununla belə, Suella Bravermana yeni vəzifə təklif edilməyəcək. Bu, onun daxili işlər naziri vəzifəsindən artıq ikinci istefasıdır. O, ilk dəfə 2022-ci ilin sentyabrında Baş nazir Liz Trass tərəfindən vəzifəyə təyin edilib, lakin tezliklə ev kompüterindən rəsmi sənəd göndərdiyi üçün işdən çıxarılıb. Altı gün sonra o, ölkənin yenicə Baş naziri olmuş Rişi Sunakın kabinetində daxili işlər naziri vəzifəsinə qayıdıb. Bravermanın istefasını həm müxalifət, həm də mühafizəkar deputatlar bir sıra mübahisəli bəyanatlarına, o cümlədən evsiz qalmağın "həyat tərzi” olduğuna dair iddiasına görə tələb ediblər.

Nazirin Sunakla münasibətləri Londonda keçirilən Fələstinə dəstək mitinqlərə cavab olaraq The Times qəzetində köşə yazı dərc etdikdən sonra tamamilə pisləşib. Orada o, polisin işini tənqid edərək, onları "ikili standartlarda” və ifrat sağçıların yürüşləri kimi "Fələstin tərəfdarlarının izdihamları”nın da öhdəsindən gələ bilməməkdə ittiham edib. Köşə yazısının mətni nazirliklə razılaşdırılmayıb və Rişi Sunakın ofisi köşəyə düzəlişlər edilməsini istəyib, ancaq nazir Braverman buna məhəl qoymayıb. 

Nizami Bağırov