Dünya 13:28 16.11.2023

Böyük Britaniyanın yeni XİN rəhbəri ilk xarici səfərini Kiyevə etdi (VİDEO)

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron xaricə ilk işgüzar səfərini Ukraynaya edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrində yazıb

"Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi Devid Kemeron yeni vəzifəsində ilk işgüzar səfərini Ukraynaya etdi”, Zelenski yazıb.
Ukrayna lideri bildirib ki, o, Britaniya diplomatiyasının yeni rəhbəri ilə cəbhə üçün silahlar, hava hücumundan müdafiəni gücləndirmək, "insanlarımız və kritik infrastrukturun müdafiəsi” məsələlərini müzakirə edib. 

Görüşdə Zelenski qeyd edib ki, indi dünya Ukraynadakı vəziyyətə o qədər də fokuslanmayıb və "diqqəti bölmək kömək etmir”. 

Zelenski Britaniyaya "Ukraynanı həmişə dəstəklədiyinə” görə təşəkkür edib. 

"İlk səfərimin sizə olmasını istərdim. Şəxsən mən Ukrayna xalqının gücünə və qətiyyətinə heyranam.  Səfərimlə demək istəyirəm ki, biz sizə lazım olan mənəvi dəstəyi, diplomatik dəstəyi, iqtisadi dəstəyi və ilk növbədə hərbi dəstəyi bundan sonra da göstərəcəyik. Təkcə bu il deyil, gələn il də, lazım  olan qədər”, Kemeron Ukrayna Prezidenti ilə görüşündə bildirib. 

Britaniyalı nazir əlavə edib ki, keçmiş baş nazir Boris Consonla "bəzi fikir ayrılıqları" olub, lakin onun Ukraynaya dəstəyi çox yaxşı olub.

Kemeron əmin edib ki, Böyük Britaniya Ukraynaya diqqəti saxlamaq üçün çalışacaq. 

Ukrayna Prezident  ofisi ayrıca bildirib ki, görüşdə Qara dənizdəki təhlükəsizlik vəziyyəti və alternativ "taxıl dəhlizi”nin gələcək işi müzakirə edilib. Avro- Atlantik inteqrasiya məsələlərinə və Böyük Britaniyanın Ukraynanın NATO-ya üzvlüyü istiqamətində irəliləyişinə dəstəyinə xüsusi diqqət yetirilib.

Nizami Bağırov