Ekonomiks 12:06 23.03.2023

Böyük dövlət müəssisələrinin özəlləşdirilməməsinin səbəbləri

"Dövlət müəssisələrinin rəhbərləri bu müəssisələrin özəlləşdirilməsində maraqlı deyillər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda böyük dövlət müəssisələrinin özəlləşdirilməməsinin səbəblərindən danışarkən deyib. Ekspert bildirib ki, bu məsələ bir tək özəlləşmənin özündən ibarət deyil:



"Özəlləşməni həyata keçirmək üçün çoxlu sayda ya xarici, ya da daxili investorlara ehtiyac var. Daxili investisiyanın imkanları məhduddur. Çünki bizdə rəsmi milyonçular yoxdur. Bundan əlavə, rəsmi böyük şirkətlərin sahibləri yoxdur ki, özəlləşmədə iştirak etsinlər. Bir neçə iri holdinq var ki, ancaq onlar iştirakçı ola bilərlər. Digər səbəb isə xarici investorlarla bağlıdır. Onların da Azərbaycana gəlişində müəyyən problemlər var. İnvestisiya mühüti, qanunvericiliklə, məhkəmə hakimiyyəti ilə bağlı müəyyən problemlər mövcuddur. Ona görə də onları ölkəyə cəlb eləmək üçün ciddi struktur islahatlarına ehtiyac var”.

Natiq Cəfərli bildirib ki, daha dolayı səbəblərdən, bəlkə də həlledici səbəblərdən biri dövlət müəssisələrinin çoxlu borclarının olmasıdır:

"Dövlət büdcəsinə, vergi. kommunal xidmət borcları var ki, onların silinməsi problemdir. İkincisi isə dövlət müəssisələrinin rəhbərlərinin heç biri bu müəssisələrin özəlləşdirilməsində maraqlı deyillər. Çünki məsuliyyət məsələsidir. Dövlətin mülkiyyətində olan və dövlət büdcəsindən maliyyə yardımı alan müəssisələrin rəhbərlərinin marağındadır ki, elə dövlət büdcəsindən maliyyələşmə olsun, onlar da müxtəlif üsullarla bu maliyyələşmədən istifadə eləsinlər, yəni mənimsəsinlər. Həddindən artıq böyük spektr problemlər var ki, bunlar həll olunmadan iri özəlləşmə mümkün deyil”.

Bahar Rüstəmli