Ekonomiks 14:56 24.10.2023

Böyük hava şirkətləri Azərbaycan bazarına niyə maraq göstərmir? (ŞƏRH)

"Ölkədə turizmlə bağlı ciddi problemlər var. Turizm məkanlarına turist cəlb etmək üçün yaxşı şərtlər olmalıdır ki, hava şirkətləri burada öz dayanacaqlarını qurmağa maraqlı olsunlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun fikirincə, hava şirkətlərinin sayı çoxaldıqca, rəqabət imkanları yaranacaq və qiymətlər düşəcək:
 
"Hava şirkətləri olmayacaqsa, AZAL tək əhəmiyyətli operator kimi qalacaqsa, biz onun "çaldığı hava ilə" oynamağa məcbur olacağıq. AZAL-ın qiymət siyasətinin yay və qış mövsümü ilə heç bir əlaqəsi yoxdur. Ona görə də şirkətin yay mövsümü bitəndə qiyməti endirəcəyi ilə bağlı nəsə demək olmaz. AZAL daha çox özünün müştəri axınına, təlabata görə qiyməti tənzimləyir. Payızda da AZAL-ın müştərilərinin sayı azalmır. Vətəndaşlar təkcə gəzmək məqsədi ilə təyyarə biletləri almır, ona görə də turistlərin sayı azalsa da, əvəzində biznes məqsədi ilə hərəkət edənlərin sayı artır".



Ekspert vurğulayıb ki, AZAL özəl müəssisə olsaydı, qiymətə görə heç kim narazılıq etməzdi. Lakin dövlət şirkəti olduğu üçün dövlətin maraqlarını nəzərə almalıdır:

"Dövlətin əsas məqsədi vətəndaşın əlverişli şərtlərlə təyyarə, uçuş xidməti almasıdır. Bunu AZAL, yaxud hansısa bir şirkət edəcək, fərqi yoxdur, vətəndaş da öz təlabatına uyğun uçuş şirkətini seçəcək. Güman etmirəm ki, AZAL hər hansı səbəbdən qiymətini dəyişəcək. Burada AZAL-ın qiymətinin dəyişməsinə məcbur edəcək amil rəqabətin səviyyəsidir. Bazarda rəqabət çoxalsa, AZAL-da da qiymətlər enəcək. Rəqabətə uyğun olaraq vətəndaşa seçim təklif edəcəklər. Amma rəqabət olmasa, çətin ki, qiymətlər ensin. İndi təkliflər səsləndirirlər ki, iri hava şirkətləri Azərbaycana gəlmək istəmir. Niyə? Bunlar qarışılıqlıdır. Çünki turist, müştəri axını yoxdur. Müştəri, turist yoxdur deyə hava şirkəti gəlmir, hava şirkəti də yoxdur deyə müştərilər gəlmir. Hökumət burada məsələyə kompleks yanaşmalıdır. Əgər belə olarsa, hava şirkətləri də gələcək, uçuşlar da təşkil olunacaq”. 

Bahar Rüstəmli