Dünya 12:11 30.11.2023

Bolqarıstan Zaxarovaya görə icazə vermədi, Lavrov başqa marşrutla uçdu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Skopye toplantısına əvvəlcədən gözlənildiyi kimi Bolqarıstan vasitəsilə deyil, Yunanıstan vasitəsilə gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lavrovun marşrutunun təxminən 4 min kilometr uzunluğunda olduğu və uçuşun beş saatdan çox çəkdiyi qeyd edilir.

"Flightradar24" və "FlightAware" uçuş izləmə xidmətlərinin məlumatına görə, Lavrovun təyyarəsi (RSD308) Rusiyadan Qara dəniz üzərində, daha sonra Türkiyə və Yunanıstan ərazisi üzərində uçub, bundan sonra Şimali Makedoniyanın hava məkanına daxil olub.

Rusiya nəşri bildirir ki, marşrutun dəyişdirilməsi Bolqarıstanın uçuşdan imtina etməsi ilə bağlıdır. Çünki təyyarədə Avropa İttifaqının sanksiyaları altında olan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da olub. 

"Yuxarıda qeyd olunan Skopye görüşündə iştiraka icazəni notaya uyğun olaraq, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyətinə verilib. İcazə Aİ-nin mövcud qanunvericiliyinə uyğun olaraq, sanksiyalar siyahısında yer alan Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarovaya şamil edilmir”, deyə Bolqarıstanın notasında deyilir.

Lakin Lavrovun özü də Aİ-nin sanksiyalar siyahısındadır.

Xatırladaq ki, bundan əvvəl Bolqarıstan Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətini daşıyan təyyarəyə hava məkanının açılmasına icazə verdiyini təsdiqləyib.

Noyabrın 30-dan dekabrın 1-dək Skopye şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Şimali Makedoniyada görüşü planlaşdırılır. Noyabrın 28-də Ukrayna Xarici İşlər Nazirliyi Lavrovun sammitdə iştirakı ilə əlaqədar Dmitri Kulebanın ATƏT-in nazirlər toplantısında iştirak etməyəcəyini açıqlayıb.

Latviya, Litva və Estoniya da bildiriblər ki, xarici işlər nazirləri də Lavrovun iştirakı ilə bağlı ATƏT Nazirlər Şurasında iştirak etməmək qərarına gəliblər. Daha sonra Polşanın xarici işlər naziri Şimon Şinkovski vel Senk də oxşar qərarı açıqlayıb.

Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken isə ATƏT-in iclasında iştirak edəcək, lakin Lavrovla görüşməyi planlaşdırmır.

Nizami Bağırov