Dünya 14:36 12.03.2024

Bosniya və Herseqovinanın Aİ-yə üzvlük danışıqları bu gün başlaya bilər – Politico

Avropa Komissiyası bu gün, martın 12-də Bosniya və Herseqovinanın Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlayacağını elan etməlidir.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Bosniya və Herseqovina 2022-ci ilin dekabrında Aİ-yə namizəd statusu alıb. Avropa Komissiyası indi üzvlüklə bağlı rəsmi danışıqlara başlamaq üçün müsbət tövsiyə verməlidir.

Ukrayna və Moldova da genişlənmə prosesində irəliyə doğru daha bir addım atmaq niyyətindədir. Çərşənbə axşamı Avropa Komissiyası üzvlük danışıqları üçün təlimatlar və fundamental prinsipləri müəyyən edəcək danışıqlar çərçivəsi təklif edəcək. Bundan sonra Aİ ölkələri bu mətnləri müzakirə etməlidir.

Diplomatlar və Aİ rəsmiləri xəbərdarlıq edirlər ki, blokun 27 üzvü arasında danışıqlara rəsmi başlamaq üçün lazım olan razılaşmanın iyunda keçiriləcək Avropa seçkilərindən əvvəl baş tutması ehtimalı azdır. Bəzi Aİ üzvləri, o cümlədən Avstriya üçün Ukrayna və Moldovada irəliləyişin Bosniya və Herseqovinanın gələcək üzvlüyü ilə bağlı irəliləyişlə paralel getməsi həyati əhəmiyyət kəsb edir.

Növbəti addım Aİ liderlərinin gələn həftə Brüsseldə görüşəcəkləri zaman Bosniya və Herseqovina ilə bağlı tövsiyələrin müzakirəsi olacaq.

Bundan əvvəl Avstriya, İtaliya və Almaniyanın xarici işlər nazirləri üzvlük danışıqlarının başlanmasını dəstəkləmək üçün keçən həftə Sarayevoya səfər ediblər.
Keçən həftə Almaniyanın xarici işlər naziri Annalena Berbokla keçirdiyi birgə mətbuat konfransında onun bosniyalı həmkarı Elmedin Konakovic bundan sonra heç bir məyusluğun olmayacağına ümid etdiyini bildirib. 

O, həmçinin əlavə edib ki, Bosniya və Herseqovina Avropa yolu ilə davam etməsə, nələrin baş verəcəyini xatırlamaq son dərəcə vacibdir.

Nəşr yazır ki, Avropa Komissiyası həm də bloku gələcək genişlənməyə daxildən necə hazırlamaq barədə sənəd təqdim etməli idi.

Bu, xüsusilə Ukraynanın üzvlüyünə aiddir. Amma əvvəlcə fevralın 27-nə planlaşdırılan bu sənəd Avropa Komissiyasının son gündəliyinə görə indi martın 20-nə qədər təxirə salınıb.

Nizami Bağırov