Siyasət 16:00 25.11.2022

"Brüssel formatı" dayanır: Yeni savaş olacaqmı?

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda bildirib ki, Brüsseldə Ermənistanın Baş naziri Paşinyanla dekabrın 7-nə planlaşdırılmış görüş baş tutmayacaq: "Brüssel görüşü dekabrın 7-də olmalı idi. Amma axşam Hikmət Hacıyev mənə bildirdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə saxlayıblar. Deyiblər ki, Paşinyan Fransa Prezidenti Makronun iştrak edəcəyi təqdirdə görüşə razıdır. Bu o deməkdir ki, görüş olmayacaq".

Son zamanlar Paşinyanın atdığı addımlar onu göstərir ki, Ermənistanın baş naziri keçirilən bu və ya digər tədbirləri pozmaq kursu götürüb. Bir neçə gün bundan qabaq Paşinyan KTMT-nin İrəvan sammitində yekun bəyannaməni imzalamaqdan imtina edib. İndi də bəyan edir ki, Brüsseldə yalnız Fransa Prezidentinin iştirak edəcəyi təqdirdə görüşməyə razıdır. Paşinyanın belə mövqe sərgiləməsi onun danışıqlar prosesində maraqlı olmadığını, deməli sülh müqaviləsinin bağlanmasına səy göstərmədiyinin nümunəsidir. Yaranmış vəziyyət istər-istəməz danışıqlar prosesinin, xüsusən də "Brüssel formatı" çərçivəsində dalana dirənməsinə gətirib çıxara bilər. Bu durum həmçinin regionda qarşıdurma meylinin yenidən güclənməsinə də gətirib çıxara bilər. 

Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Paşinyan həmin açıqlaması ilə 3 formatdan biri olan "Brüssel formatı”nın ləğvinə qol çəkir:



"Bu açıqlamalar onu deyir ki, "Brüssel formatı”nda görüşlər dayanır. Amma bu o demək deyil ki, Soçi və Vaşinqton formatında görüşlər davam etməyəcək. Ortada üç format var idi, Aİ, ABŞ və Rusiya. Aİ-nin vasitəçiliyilə keçirilən görüşlərdən Paşinyan imtina edir və deyir ki, orada mütləq Makron olmalıdır. Lakin Paşinyanın ABŞ formatında keçiriləcək görüş zamanı Makronsuz iştirak etməyəcəyi barədə fikir bildirməyə cəsarəti çatmayacaq. Çünki Makronun Vaşinqton görüşünə heç bir aydiyyatı yoxdur. Nəticədə, Paşinyan suyu süzülə-süzülə gedib Vaşinqtonun çətiri altında keçirilən görüşdə iştirak edəcək. Anoloji vəziyyət Moskva görüşündə də özünü göstərəcək. Bu zaman da Paşinyan Makronu ortaya ata bilməyəcək. Bir sözlə, Paşinyan həmin mövqeyilə 3 formatdan biri olan "Brüssel formatı”nı ləğv edir”. 

Belə bir yanaşmanın regionda gərginliyi artıracağına gəlincə, ekspert qeyd edir ki, bölgədə onsuz da gərginlik yüksək səviyyədədir. Onun fikrincə, yaranmış bu durum danışıqlar prosesindəki mürəkkəbliyi daha da artıracaq:

"Sərhəddə atışmalar gedir. Amma bütün bunlara rəğmən, genişmiqyaslı toqquşmaların olacağını düşünmürəm. Sadəcə, danışıqlar prosesi daha da mürəkkəbləşəcək. Bu isə danışıqlar prosesində adi haldır. Odur ki, bir qədər səbr edək və görək sərt Paşinyan nə vaxt "yumşalacaq". O, KTMT rəhbərlərinə də "dərs keçib". İndi də Şarl Mişelin dəvətinə "yox” cavabı verib. Bir azdan ona həddini göstərəcəklər. ABŞ dəvət edəndə, quzu balası kimi görüşə gələcək”. 

Rüfət Sultan