Xəbər lenti

Siyasət 17:58 17.07.2023

Brüsseldə səslənən “qərbi azərbaycanlılar” məsələsi erməni tərəfi qəzəbləndirdi

Brüsseldə keçirilən danışıqların son raundunda Azərbaycan nümayəndə heyəti qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyi, onların Qərbi Azərbaycanda öz doğma yurdlarına qayıtması məsələsini qaldırıb. Bu da, öz növbəsində, "Qərbi Azərbaycan” ifadəsində Ermənistana qarşı "ərazi iddialarını” görən erməni tərəfini qəzəbləndirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Caliber.az diplomatik mənbələrə istinadən məlumat yayıb.

Buna cavab olaraq Ermənistan tərəfinə bildirilib ki, Ermənistan səkkiz Azərbaycan kəndini işğal altında saxlamaqda davam edir, o cümlədən Qarabağda silahlı birləşmələri saxlayır və maddi cəhətdən dəstəkləyir ki, bu da təkcə "ərazi iddiaları” deyil, əslində işğalçılıq siyasətidir. Üstəlik, qeyd olunub ki, İrəvanın Qarabağ məsələsində bəzi "beynəlxalq mexanizmlər” tətbiq etmək cəhdləri, eləcə də Azərbaycan ərazilərini təyin etmək üçün erməni toponimlərindən istifadə etməsi də ərazi iddialarından və Qarabağ regionu üzərində Azərbaycanın suverenliyini inkar etməkdən başqa bir şey deyil. 

Azərbaycan nümayəndə heyəti erməni tərəfinin diqqətinə çatdırıb ki, "Qərbi Azərbaycan” məsələsi müstəsna olaraq Azərbaycan əhalisinin hüquq və təhlükəsizliyi məsələsidir ki, onların tarixi yaşayış yerlərinə qayıtması Ermənistan tərəfindən təmin edilməlidir.

Qərbi Azərbaycan icması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə Brüssel görüşü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda aşağıdakılar qeyd olunur:

"Əldə etdiyimiz məlumatlara görə, 2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı məsələsi müzakirə olunmuşdur.

Bizim qayıdış məsələmizin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqların gündəliyinə gətirilməsi bu məsələnin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həlli istiqamətində tarixi bir inkişafdır. Bu, Qərbi Azərbaycan İcmasını və Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanlını qayıdış hüququnun reallaşması istiqamətində fəaliyyətə daha da ruhlandırır.

Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. Bu baxımdan biz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsini ürəkdən alqışlayırıq.

Qərbi Azərbaycan İcması qayıdış məsələsinə dövlətlərarası münasibətlərin normallaşmasına xidmət edən Brüssel sülh prosesində baxılmasına paralel olaraq, bu məsələ üzrə Ermənistan hökuməti ilə birbaşa danışıqlara hazır olduğunu bir daha bəyan edir və Ermənistan hökumətinə bununla bağlı dialoq çağırışını yeniləyir".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->