Xəbər lenti

Dünya 10:10 27.10.2023

Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən şəxs Belçikada həbs edildi

Belçika Federal prokurorluğu cümə axşamı günü Brüsseldə keçən həftə iki isveçli futbol azarkeşinin ölümü ilə nəticələnən terror aktında əli ola biləcək 44 yaşlı tunisli kişinin həbs edildiyini açıqlayıb.

Bu barədə Qaynarinfo VRT-yə istinadən xəbər verir.

Ötən bazar ertəsi Brüsseldə baş vermiş terror aktının istintaqı çərçivəsində Belçika hüquq-mühafizə orqanları paytaxtın şərqindəki Tervuren kommunasından olan Lamced K. adlı şəxsi saxlayıb. Prokurorluq əlavə edib ki, o, "hərtərəfli sorğu-sualdan” sonra həbs edilib.

"O, terror kontekstində adam öldürmə və adam öldürməyə cəhddə, həmçinin terror təşkilatının fəaliyyətində iştirakda şübhəli bilinir", - Belçika federal prokurorluğu bildirib. Bu o deməkdir ki, o, hazırda terror aktında iştikarçı sayılır.

VRT mənbələrinin məlumatına görə, saxlanılan şəxs əvvəllər kiçik cinayətlərə görə məhkum edilib və hücumdan əvvəl o, hücum zamanı istifadə edilən silahların fotoşəkillərini terrorçu ilə paylaşıb. 

Paris həmçinin bu həftə Brüsseldə iki isveçli futbol azarkeşini güllələyən islamçı yaraqlı Abdesalem Lassued ilə əlaqədə şübhəli bilinən iki nəfərə qarşı ittiham irəli sürüb.

Xatırladaq ki, oktyabrın 16-da islamçı ekstremist İsveç və Belçika matçı başlamazdan əvvəl iki isveçli azarkeşi güllələyib. Səlahiyyətlilər şübhəlinin polisin onu həbs etmək üçün keçirdiyi əməliyyat zamanı öldüyünü bildirib.

Qeyd edilir ki, Tunisin terrorçunun ekstradisiyasını fəal şəkildə tələb etməsinə baxmayaraq o, sərbəst şəkildə Brüsseldə gəzə bilib və bu da hökumət və məhkəmə aparatının səmərəsizliyini üzə çıxarıb. 

Belçikanın ədliyyə naziri bu hadisəyə görə istefa verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->