Dünya 09:06 28.09.2023

Bu Afrika ölkəsində növbəti dövlət çevrilişi cəhdinin qarşısı alındı

Afrika ölksəi Burkina Faso səlahiyyətliləri ölkənin təhlükəsizlik və kəşfiyyat qüvvələrinin 26 sentyabrda çevriliş cəhdinin qarşısını almağa müvəffəq olduğunu bildirib. Məlumata görə, zorakılıqla hakimiyyət dəyişikliyi "hərbi və mülki şəxslər” tərəfindən həyata keçirilməli idi. Onlardan bəziləri artıq saxlanılıb.

Qaynarinfo xəbər verir ki, "Reuters”in yerli rəsmilərin bəyanatına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan hərbi zabitlər və digərləri ölkədə sabitliyi pozmağı, respublika qurumlarına hücum etməyi planlaşdırıblar.

Dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs olunanların sayı açıqlanmır.

"Hökumət bəzi burkinəlilərin, o cümlədən vətənlərini müdafiə etməyə and içmiş zabitlərin belə xarakterli işlərə qoşulmasından dərin təəssüflənir", deyə Burkina Faso rəhbərliyinin nümayəndələri qeyd edib.

Qeyd edək ki, hazırda Burkina Fasoya yüksək rütbəli hərbçi İbrahim Traore rəhbərlik edir. Keçən ilin sentyabrında o, ordudakı bir qrup silahdaşı ilə birlikdə keçid hökumətinin başçısı, polkovnik-leytenant Pol-Henri Sandaoqo Damibanın vəzifəsindən uzaqlaşdırıldığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və hökumətin buraxıldığını bəyan edib. 

Nizami Bağırov