Dünya 18:41 08.02.2024

Bu il Ermənistan hakimiyyəti üçün sonuncu ola bilər: Erməni politoloq üç senari açıqladı

Ermənistanın Baş naziri əsasən beynəlxalq konsensus sayəsində hakimiyyətdə qalır, lakin bu konsensus tezliklə pozula bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants keçirilən mətbuat konfransında danışıb. 

O, yaxın vaxtlarda Ermənistanda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etmir. Surenyants hesab edir ki, bu il hakim siyasi qüvvə üçün sonuncu ola bilər.

Ekspert qeyd edib ki, Baş nazir Nikol Paşinyan yeni Konstitusiya haqqında danışdığı sözlər fonunda sürətlə populyarlığı düşür, onun hərəkətləri və bəyanatları getdikcə adekvatlığını itirir. 

Bu kontekstdə politoloq üç mümkün senarini nəzərdən keçirir. Proseslər Paşinyanın şəxsi təhlükəsizliyindən ehtiyat edərək ölkəni tərk etməsinə səbəb ola bilər; o və partiyası növbədənkənar seçkilər nəticəsində uğursuzluğa düçar olacaq; hakim qüvvənin siyasəti yeni müharibəyə və yeni fəlakətlərə gətirib çıxaracaq ki, bu da istənilən halda Paşinyanın hakimiyyətdə qalmasını şübhə altına alacaq.

"Düşünürəm ki, bu il hökumət üçün sonuncu il olacaq... Yadda saxlamalıyıq ki, Ermənistanda Konstitusiya islahatı həmişə hakim qüvvə üçün fəlakətə çevrilib. Keçmişdən nümunələri xatırlayaq, 2015-ci ilin eyni konstitusiya islahatı son nəticədə üçüncü prezidentin istefası ilə nəticələndi”, - deyə o qeyd edib. 

Hazırkı baş nazir də istisna ola bilməz. Güman etmək olar ki, ilin ikinci yarısında Paşinyan ətrafında beynəlxalq konsensus pozulacaq. Yeri gəlmişkən, 2021-ci ildə o, bu konsensus sayəsində seçkilərdə qalib gəlib. Erməni politoloq əmindir ki, konsensusun pozulmağından hakimiyyətin dəyişməsinə cəmi yarım addım var. 

Nizami Bağırov