Dünya 19:44 02.09.2023

Bu ölkədə ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, Maliyə lazımi yardım çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramının (WFP) birgə bəyanatında deyilir.

Açıqlamada, davam edən münaqişələr, yerdəyişmə və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.

Mali əhalisinin təxminən 1/4-nin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilərək, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşdiyi qeyd edilib.

Açıqlamada dünyada bir çox problemin olduğu bir vaxtda "kimin xilas ediləcəyini seçmək haqqının” olmadığına diqqət çəkilərək, Malidə humanitar böhran probleminin tez bir zamanda həllini tapmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. 

"Əgər Maliyə lazımi yardım çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər", deyə xəbərdarlıq edilən bəyanatda vəziyyətin ciddiliyinə baxmayaraq, ölkəyə ayrılan yardımların çox aşağı səviyyədə olduğu vurğulanıb.

Aydın