Siyasət 14:48 09.10.2023

"Bu səfərdən sonra Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edəcək"

"Azərbaycan Prezidentinin Gürcüstana olan səfəri fonunda iki ölkə arasında əlaqələr daha da inkişaf edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini şərh edərkən deyib.

Tural Rzayev bildirib ki, Gürcüstan və Azərbaycan strateji müttəfiqlərdir:

"Gürcüstan Azərbaycan üçün dünyaya, okeanlara, limanlara və Avropaya çıxışdır. Azərbaycan da Gürcüstan üçün əsas iqtisadi baxımdam böyük önəm daşıyır. Azərbaycanın investisiyası olmasaydı, Gürcüstanın iqtisadi problemləri çox olardı. Hər iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxın illərdə daha sürətlə inkişaf edəcəyini ehtimal edə bilərik”. 

Politoloq onu da qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin yükgötürmə gücü artıq 5 dəfədən çox artıb:

"Bakı Gürcüstanda icarəyə götürdüyü limanı daha da genişləndirəcək. Bir sözlə, iki ölkə orta dəhlizin genişləndirilməsi istiqamətində ciddi addımlar atır. Azərbaycan Prezidentinin Gürcüstana səfəri fonunda iki ölkə arasında əlaqələr daha da sürətlənəcək”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstana səfər edib. Burada o, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. İrakli Qaribaşvili bildirib ki, İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğulayıblar. O qeyd edib ki, Bakı və Tiflis əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirirlər: "Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”. 

Rüfət Sultan