Dünya 15:30 01.02.2024

“Bu, tarixdə bir ilkdir” - Ukrayna XİN Rusiyaya qarşı iş üzrə BMT Məhkəməsinin qərarına cavab verdi

Ukrayna Xarici İşlər Nazirliyi BMT Məhkəməsinin Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya və İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Rusiyaya qarşı iş üzrə qərarına cavab verib.

Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı, fevralın 1-də Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Xİn bildirib ki, tarixdə ilk dəfədir ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanın beynəlxalq hüququ pozması ilə bağlı yekun qərar verib.

Qeyd olunur ki, Ukraynanın başlatdığı iş 2014-cü ildə başlayan və Ukrayna xalqına iztirablar gətirən terror hücumları kampaniyasını sənədləşdirib.

Sənəddə bildirilir ki, Rusiyanın nəzarətində olan şəxslər və qruplar ukraynalılara hücum edib, mülki hədəfləri və dinc şəhərləri, xüsusən də Volnovaxa, Mariupol, Kramatorsk, Avdeevka, Xarkov, Odessanı atəşə tutub. Bundan əlavə, 2014-cü ildən Rusiya müvəqqəti işğal olunmuş Krımda Ukrayna və Krım tatar etnik qruplarının mədəni məhvinə yönəlmiş kampaniya həyata keçirib.

"Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Rusiya Federasiyasının beynəlxalq hüququ pozduğuna şübhə yeri qoymur”, - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Ukrayna ədalətə nail olmaq və Rusiyanın bütün qanunsuz hərəkətlərinə, o cümlədən genişmiqyaslı işğala görə məsuliyyətə sadiqdir.

Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsi müəyyən edib ki, Rusiya 2014-cü ildə Ukraynanın şərqində yaraqlılara maliyyə dəstəyini araşdırmadan BMT-nin Terrorçuluğun Maliyyələşdirilməsinin Qarşısının alınmasına dair Konvensiyasının hissələrini pozub.

Lakin məhkəmə Ukraynanın tələb etdiyi kimi təzminat təyin etməyib.

Məhkəmə, həmçinin 2014-cü il iyulun 17-də Ukraynanın nəzarətində olmayan ərazilərdən Malayziya Hava Yollarına məxsus MH17 reysini vurmağa görə Rusiyanın ehtimal olunan məsuliyyəti ilə bağlı konkret qərar verməkdən imtina edib.

Bildirilib ki, ümumilikdə məhkəmə Ukraynanın Rusiya Federasiyasına qarşı ittihamlarının əksəriyyətini əsassız hesab edib.

2017-ci il yanvarın 16-da Ukrayna Rusiya Federasiyasına qarşı bəyanatla Beynəlxalq Məhkəməyə müraciət edib. Ukrayna öz bəyanatında Rusiya Federasiyasını 1999-cu il Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya və 1965-ci il İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəlikləri pozmaqda ittiham edir.

Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına baxmaq yurisdiksiyasını tanıyıb.

Alpər