Ekonomiks 14:21 23.03.2023

Bu toyuqlar sağlamlıq üçün təhlükəlidir - AQTA və BŞİH niyə susur?

"Şəhərdə 3 dənəsi 10 manata satılan toyuqlar təkcə özlərinin mənşəyinə görə deyil, eyni zamanda soyuq sistemdə saxlanılıb satılmadığı üçün insanların müəyyən xəstəliklərə tutulmasına rəvac verə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr şəhər əhalisinin bu toyuqlarla maraqlandığını bildirib:

"Artıq iki ildən çoxdur ki, şəhərdə 3 dənəsi 10 manata toyuqlar satışa çıxarılıb. Azad İstehlakçılar Birliyinin bu barədə 30-a yaxın açıqlaması var. İki gün öncə mən təzə toyuğun birini 13 manata aldım. Bu toyuqlar həm xaricdən gətirilir, həm də Azərbaycanda saxlanılır. Broyler fabriklərində iki cür toyuqlar yetişdirilir. Onlardan biri yumurta, digəri kəsim üçün. Kəsim üçün toyuqlar müəyyən vaxta çatanda kəsimə verilir, yumurtalıq toyuqlar isə bir neçə ildən sonra yumurtadan kəsilir. Belə toyuqlar satışa çıxarılmamalıdır. Onlar müəyyən kolbasa sexlərinə verilir. Bundan əlavə yumurtadan kəsilən toyuqların əti bərk olur. Müəyyən adamlar onları alıb şəhərdə 3 dənəsi 10 manata satır”. 
 


Eyyub Hüseynov qeyd edib ki, qanun onların kütləvi satışını qadağan etmir:

"Bu toyuqlar həm də Belarus və Rusiyadan gətirilir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən toyuqlar bükülməlidir. Onun üzərində istifadə müddəti göstərilməlidir. Lakin gördüyümüz kimi qanunun bu tələbi yerinə yetirilmir, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə münasibətini bildirmir. Küçə ticarətinə nəzarət orqanı olan Bakı şəhər İcra Hakimiyyəti, eləcə də aidiyyatı qurumlar bu işə müdaxilə etmirlər. Bunun qarşısı mütləq alınmalıdır. Bilinmir ki, onlara sonuncu baytarlıq dərmanları nə vaxt vurulub. Ölkədə biznes qurumları üçün yaradılan toxunmazlıq şəraitindən hər bir kəs kifayət qədr yararlanır. İstehlakçıların hüquqları arxa planda qalıb, ona görə də bu cür təhlükəli toyuqlar satışa çıxarılır”.

Bahar Rüstəmli