Ölkə 10:03 23.06.2023

“Buta Körpüsü”nü işıqsız qoydu - Kabelləri 10 manata satdı

Bakıda məşhur "Buta Körpüsü”nü işıqsız qoyan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisənin isə 1977-ci ildə Bakı şəhər sakini Ceyhun Cabir oğlu tərəfindən törədildiyi məlum olub. 

2022-ci ilin aprel ayında Ceyhun Həsənov (soyad şərti) Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Tağıyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyəsində təqsirləndirilərək saxlanılıb. 

Aparılan araşdırma zamanı onun həmin il Suraxanı rayonu ərazisində "Buta Körpüsü”nün üstündə yerləşən işıqlandırma dirəklərinin 35+35  metr uzunluğunda elektrik naqillərini qıraraq oğurlaması faktı da aşkarlanıb. 

Ceyhun Həsənov izahatında bildirib ki, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi istiqamətində körpünün üstündən keçərkən işıq dirəklərinin elektrik kabellərinin birləşdiyi hissəsinin açıq olduğunu görüb. O, kabeli əvvəlcə kəsib və sonra dartaraq təxminən 35 netr uzunluğunda kabeli oğurlayıb. Körpünün işıqları isə sıradan çıxıb və ərazi işıqsız qalıb.

O, kabelləri Yeni Suraxanı qəsəbəsinin girişində yerləşən metal qəbulu yerinə aparıb özünə məxsus olmasını bildirərək 10 manata satıb və narkotikə xərcləyib. 

Məhkəmənin qərarı ilə Ceyhun Həsənov Cinayət Məcəlləsinin 177.2.2-ci 177.2.3-2-ci maddələri təqsirli bilinərək, 2 il 2 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Əhməd