Siyasət 12:11 31.01.2023

Cənubi Qafqaz platforması realdırmı? (ŞƏRH)

"Ermənilərin səmimiyyətinə inanmıram”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın İrəvanın Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərdiyi barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Sabiq XİN rəhbəri bildirib ki, hansısa əlaqələrin bünövrəsi ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımaqdan keçir:


 
"İstənilən halda Azərbaycan bu və ya digər format və platformalarda təmaslara hazırdır. Bu barədə rəsmi orqanların bəyanatı var. Təəssüf ki, bu cür bəyanatlarla İrəvan danışıqlara meylli olması barədə görüntü yaratmaq məqsədi güdür. Dəfələrlə bunun şahidi olmuşuq. Bu baxımdan, ermənilər sülh sazişindən və Azərbaycanın təqdim etdiyi 5 prinsipdən yayınmaq üçün belə görüntü yaradırlar. Açıq şəkildə deyirəm ki, ermənilərin səmimiyyətinə inanmıram. Ən həssas məsələləri həll etmək istəmirlər. Hansısa əlaqələrin bünövrəsi ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımaqdan keçir. Ermənistan bundan yayınır. Odur ki, İrəvanın səsləndirdiyi bəyanatlara inanmıram”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərdiyini iddia edib. "Biz mümkün Tiflis platformasını regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirləri ilə Azərbaycan Prezidenti arasında görüş gündəmdədir”, deyə Mirzoyan bildirib. 

Rüfət Sultan