Siyasət 16:56 29.03.2024

Cənubi Qafqaza artan maraq və Aİ-nin mənafeyi (ŞƏRH)

"Bakı və İrəvana olan səfərlər sülhə hazırlıq məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi nümayəndələrinin Cənubi Qafqazın 3 ölkəsinə olacaq səfəri şərh edərkən deyib.

"Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələrinin Cənubi Qafqaz ölkələrinə səfərindən öncə aprelin 5-də ABŞ, Aİ və Ermənistan nümayəndələrinin üçtərəfli görüşü olacaq. Bu görüşdə tərəflərin Ermənistana təhlükəsizlik təminatı məsələsi müzakirə ediləcək.  Onlar bu səfərlə mümkün risklərdən tərəfləri çəkindirməyə, sülhü təşviq etməyə çalışacaqlar. Bu mənada Tiflisə də gerçəkləşəcək səfər nəzakət xatirinə ediləcək səfər olacaq", deyə Taleh Əliyev bildirib.



Qeyd edək ki, Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Aprelin 8-9-da  nümayəndə heyəti Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana gedəcək. Nümayəndə heyətinin gündəliyinə regional hadisələrlə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesləri ilə tanışlıq daxildir. 

Rüfət Sultan