Xəbər lenti

Siyasət 12:14 21.09.2023

Cənubi Qafqazda üçlük yaranacaq: Türkiyə-Ermənistan-Azərbaycan? (ŞƏRH)

"Mövcud şəraitdə sülh müqaviləsinin imzalanması üçün artıq heç bir maneə yoxdur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal hərbi əməliyyatın Bakı ilə İrəvan arasında sülh danışıqlarına təsirini şərh edərkən deyib. 

Politoloq bildirib ki, sülh müqaviləsini ilkin mərhələdə Azərbaycanın Ermənistana təqdim etdiyi və beynəlxalq təşkilatların tanıdığı 5 meyar əsasında reallaşmasını İrəvan qəbul etmişdi. 

"Sonradan kənar qüvvələrin təsiri ilə İrəvan həmin sənədə Qarabağ məsələsini, orada yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlərin iştirakı ilə təminatını əlavə etdi. Nəticədə, bu məsələ sülh müqaviləsinin imzalanmasına mane oldu. Deməli, Qarabağ məsələsi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında əsas əngəl idi. İndi isə bu əngəl aradan qaldırıldı, cinayətkar rejim özünü buraxdı”, deyə Zərdüşt Əlizadə qeyd edib.
 


Ekspertin bildirib ki, qanunsuz silahlı dəstələr Qarabağdan çıxarılır və tədricən Azərbaycanın Qarabağın ermənilər yaşayan hissəsində də suverenliyi bərpa olunur:

"Deməli, mövcud şəraitdə sülh müqaviləsinin imzalanması üçün heç bir maneə yoxdur. Son lokal antiterror tədbirləri zamanı Paşinyan dedi ki, bu problem Qarabağ rəhbərliyilə Azərbaycanın məsələsidir, Ermənistanın prosesə aydiyyatı yoxdur. Azərbaycan və Ermənistan arasında heç bir mübahisəli məsələ qalmır. Delimitasiya komissiyası işə başlayacaq. Anklav kəndlərinin qaytarılması da bu və ya digər şəkildə razılaşdırılacaq. Zəngəzur yolunun Ermənistan hissəsi Avropa İttifaqının ayıracağı pulla tikiləcək. Nəticədə, Naxçıvana yol da açılacaq. Sülh müqaviləsinin imzalanmasının səhərisi Türkiyə ilə Ermənistan arasındakı münasibətlər də tənzimlənəcək. Türkiyənin Ermənistanda təsiri də güclənəcək. 5 ildən sonra Cənubi Qafqazda üçlük yaranacaq: Türkiyə-Erməmistan- Azərbaycan".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->