Siyasət 09:10 17.07.2022

"Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar” - ABŞ dövlət katibi

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdılar".

Qaynarinfo xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tvitter hesabında yazıb.

"Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, - ABŞ-ın dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstanın paytaxtı Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisindən çıxarılmasının zəruriliyini bildirib.

Xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.