Dünya 16:25 26.02.2024

Çin ABŞ-ın sanksiyalarını qlobal təchizat zəncirləri üçün təhlükə adlandırdı

Çin ABŞ-ın ötən həftə Rusiya və tərəfdaşlarına qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib. Çin Ticarət Nazirliyi bildirir ki, yeni məhdudiyyətlər qlobal təchizat zəncirlərinin təhlükəsizliyini təhdid edir.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Nazirliyə görə, ABŞ-ın hərəkətləri birtərəfli sanksiyaların və "iqtisadi məcburiyyətin” tipik nümunəsidir. Bu, "beynəlxalq iqtisadi və ticarət qaydalarını və nizamını pozur, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə zərər verir", - Pekin bildirib.

"Çin buna qəti şəkildə qarşıdır. Pekin Çin müəssisələrinin qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi tədbirlər görəcək”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, fevralın 23-də ABŞ Ukraynada hərbi əməliyyatların başlanmasının ikinci ildönümü ilə əlaqədar sanksiyalara məruz qalan şəxslərin və şirkətlərin siyahısını açıqlayıb. 63 Rusiya şirkəti və Çin və Türkiyə də daxil olmaqla 30 xarici şirkət məhdudiyyətlərə məruz qalıb. 

Nizami Bağırov